1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı məşqçilərin “Biləcəri sindromu” - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi" layihəsinin icrasını davam etdirir. Dördüncü mövzumuz azərbaycanlı məşqçilərə ölkə xaricində tələbatın olmamasına həsr olunub. Məqalədə mövcud şərtləri dəyərləndirib, mütəxəssislərimizin "Biləcəri sindromu”nun səbəblərini üzə çıxarmağa çalışacağıq.
Azərbaycan futbol məktəbinin yetirmələrinin məşqçi kimi ölkə xaricində boy göstərə bilməmələri bu günün problemi deyil. Hələ SSRİ dövründə belə, mütəxəssislərimizə tələbat olmayıb. Mərhum Əhməd Ələsgərov həmin dövrdə Tacikistanın "Pamir", Ukraynanın "Krivbass" və "Çernomorets" kimi ortabab komandalarına rəhbərlik edib. Sovet İttifaqının süqutundan sonra isə o, Rusiya "Anji"si, Moldova "Şerif"i kimi kollektivlərin sükanı arxasında olub. Əfsanəvi Anatoli Banişevskinin baş məşqçi karyerası Burkina-Fasonun gənclər yığması ilə məhdudlaşır. Mərhum Ruslan Abdullayev Slovakiyanın "Pyoştyani", Türkiyənin "Ərzurumspor" klublarında işləyib. Böyükağa Hacıyev İranın "Maşınsazi" və "Traktor Sazi" komandalarında çalışıb. Rusiyada yaşayan və hazırda "Ximki”də məşqçi işləyən Emin Ağayev qonşu ölkənin "Dağdizel", "Domodedovo" və Tver "Volqa"sına başçılıq edib. Ramiz Məmmədov isə Qazaxıstan "Atırau"sunun baş məşqçisi olub. Buna bənzər daha bir neçə misal gətirmək olar. Fərqli klublarda işləyən azərbaycanlı məşqçilərin iki ortaq nöqtəsi var: zəif klublar və uğursuz nəticələr.
Bu gün Topaz Premyer Liqasında yer alan 8 komandadan 6-na yerli mütəxəssisin rəhbərlik etməsi müsbət məqamdır. Lakin avrokuboklardakı uğurların müqabilində Qurban Qurbanov kimi baş məşqçimizə Avropadan təklif gəlməməsi təəcüb və təəssüf doğurur.
Şahin Diniyevin ölkə xaricindəki məşqçi karyerası "Terek”lə bağlı olub. Rusiyanın Qroznı şəhərini təmsil edən komandanın həm əsas, həm də əvəzedici komandasına rəhbərlik etməklə yanaşı, o, köməkçi-məşqçi qismində də fəaliyyət göstərib. Lakin 2010-cu ildə ailə vəziyyəti ilə əlaqədar Vətənə qayıtmalı olub.
Yaxınlarda "Kəpəz”in baş məşqçisi postundan istefa verən 52 yaşlı mütəxəssislə, futbolçu kimi də ölkə xaricində çıxış etdiyini nəzərə alıb, mövzumuzla bağlı söhbətləşdik...
- Ölkə xaricində çalışmış azsaylı məşqçilərimizdən birisiniz. Avropada azərbaycanlı mütəxəssislərə tələbatın olmaması nədən irəli gəlir?
- Burada konkret bir səbəb göstərmək düz olmaz. Bunlar zəncirvari formada bir-birinə bağlı olan məsələlərdir. Azərbaycanın futbol ölkəsi olmaması birinci yerdədir. Acı da olsa, bunu etiraf etməliyik. Deyəndə ki, filan baş məşqçi Almaniya, İtaliya və ya Portuqaliyadandır, artıq onun markası üzərindədir. Ən böyük səbəb budur. Ölkəmizin futbolda davamlı şəkildə böyük uğurlar qazanmaması məşqçilərimizin yolunu bağlayan başlıca amildir. İkincisi, burada menecerlər önəmli rol oynayır. Menecer nəticələrlə yanaşı, məşqçinin piarını aparmalı, bir brendə çevirməli və onu əlindəki geniş imkanlarla xarici klublara təklif etməlidir. Üçüncü məqam isə şəxsi əlaqələrdir. Kimsə nə vaxtsa kiminləsə bir yerdə futbol oynayıb və ya işləyibsə, bu vasitə ilə xaricə gedir. Məşqçilərimizdən birinin Avropada uğur qazanması mütəxəssislərimizə tələbatı artıra bilər.
- Əvvələr futbol təsərrüfatında belə bir fikir vardı: Klublarımız avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacaqlar və nəticədə məşqçilərimiz, eləcə də futbolçularımız avropalıların diqqətini üzərlərinə çəkəcəklər. Lakin təəssüf ki, "Qarabağ” Çempionlar Liqasının (ÇL) qrupuna düşəndən və inamlı çıxış edədən sonra da heç bir real təklif belə, olmadı. Niyə?
- Özümü kənara qoyuram. Ölkə xaricində oynamışam və baş məşqçi kimi işləmişəm. Bu müddətdə çoxlu sayda mütəxəssis görmüşəm. Tam səmimi deyirəm: azərbaycanlı mütəxəssislər savad və bacarıq baxımından əcnəbilərdən geri qalmırlar. Sadəcə, bayaq qeyd etdiyim məqamlar var. Bəli, ÇL-də yaxşı oynadıq, nəticələrimiz oldu. Ancaq yuxarı səviyyədə baxışlar fərqlidir. Məsələn, futbolçularımız "Çelsi”yə və ya "Atletiko”ya qarşı çıxıb vuruşdular. Lakin onların öz seleksiya siyasətləri var. Uzağa getməyək: BATE illərdir ÇL-in qrupuna düşür, sensasiyalara imza atır. "Bavariya” kimi komandanı 3:1 hesabı ilə məğlub ediblər. Yekunda baş məşqçi Viktor Qonçarenkonun gedə biləcəyi yer Rusiya oldu. "Kuban”a, "Ufa”ya rəhbərlik etdi, indi də MOİK-in baş məşqçisidir. Həmin MOİK-in sabiq baş məşqçi Leonid Slutski neçə il avrokuboklarda uğurlara imza atdı. Buna rəğmən, ən yaxşı halda İngiltərənin I Divizionunda çıxış edən "Hall Siti”yə getdi, ordan da uğursuz nəticələrə görə yola salındı. Yəni, bu, tək bizim problemimiz deyil.
- Xarici mətbuatdan oxuyuruq ki, məsələn, filan ölkədə futbol təsərrüfatını müəyyən şəxslər, mafioz qruplar idarə edirlər. Hansı məşqçinin bazara daxil olacağına onların qərar verdiyi söylənilir. Bu, nə dərəcədə doğrudur?
- Tam real söhbətlərdir. Rusiyada işin içində olmuşam. Ad çəkməyəcəyəm, tanıdığım mütəxəssis bir gün komandanın uğursuzluğuna görə qovulur, üstündən 48 saat keçməmiş daha yaxşı komandaya baş məşqçi təyin olunur. Yəni, uğursuz olsa belə, işsiz qalmır. Bir dairə var və ora yad adamları yaxın buraxmırlar. Burada transfer məsələlərindən tutmuş, bir çox amillər var.
- Oxşar durum bizə daha yaxın olan Türkiyədə də var. Məsələn, Yılmaz Vural, Hikmət Karaman və bu kimi mütəxəssislər hər mövsüm iki komandadan qovulurlar. Buna rəğmən, işsiz qalmırlar. Klublar kənardan "yeni qan” gətirmək əvəzinə bu cür uğursuz məşqçilərlə əməkdaşlıq etməyi üstün tuturlar ki, bu da çox qəribədir...
- Bəli, elədir. Başqa bir nüans deyim: Bir baş məşqçi müqaviləsinin başa çatmasına 6 ay qalmış başqa klubla danışıq apara bilər. Özümüzünkülərə yox, xaricilərə baxın, bizdə belə şey yoxdur. Müqavilələrinin başa çatmasına 5-6 ay qalmış əcnəbi mütəxəssisləri bir neçə klubun istədiyi yazılır. Amma elə olur ki, müqaviləsi başa çatandan sonra illərlə işsiz qalırlar. Bu cür piarlara görə "qarmağa düşən" klub rəhbərləri olur. Kimisi tez həmin baş məşqçinin müqaviləsini artırır, kimisi də həmin reklamı gedən baş məşqçini götürür. Reklam çox böyük qüvvədir. Eyni şey futbolçulara da aiddir. Bəzən "Real Madrid”ə elə futbolçu keçir ki, adam təəccüblənir. Arda Turanın "Barselona”ya düşməsi çoxmu real idi? Bu gün Mateo Kovaçiç "Real Madrid”in heyətində yer almağa layiq bir oyunçudurmu? Bu kluba əsasən ulduzlar gedir. Lakin unutmayaq ki, ən böyük menecer sistemi sabiq Yuqoslaviya ölkələri ilə bağlıdır. İşləri elə həll edirlər ki, kimsənin tanımadığı futbolçunu böyük klublara aparırlar.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da ölkə xaricində iş təcrübəsinə malik mütəxəssislərimizdəndir. O, İranın "Maşinsazi” komandasına rəhbərlik etməklə bərabər, Rusiya "Anji”sində məşqçi qismində fəaliyyət göstərib.
59 yaşlı mütəxəssis hesab edir ki, azərbaycanlı məşqçilər rahat şəkildə fərqli ölkələrdə çalışa bilərlər: "Çox yaxşı mövzuya toxunmusunuz. Çoxdandır bu sualı həmkarlarıma verirəm və cavab tapmağa çalışıram. Özüm İran və Rusiyada işləmişəm, bu baxımdan təcrübəm var. Azərbaycanlı məşqçilər rahat şəkildə fərqli ölkələrdə çalışa bilərlər. Onların bilik və peşəkarlıqları buna imkan verir. Lakin təəssüf ki, bu gün həmin yol bizim mütəxəssislər üçün açılmayıb. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Uzağa getməyək, məsələn, Rusiyada xeyli sayda belaruslu məşqçi fəaliyyət göstərir. Görünür, birinə yol açanda və həmin şəxs özünü doğruldandan sonra digərlərini öz arxasınca aparır. Bu, bizdə də baş verməlidir. Əvvələr Azərbaycan futbolunun imici elə də yüksək olmadığı üçün Avropada məşqçi və futbolçularımıza tələbat yox idi. Ancaq son illər avrokuboklarda əldə edilən uğurların fonunda vəziyyət lehimizə dəyişib. Həm yığma, həm də klub səviyyəsində yaxşı çıxış edirik. Bunun arxasında məşqçi işi durur. Lakin təəssüf ki, bu, baş verəndən sonra belə, təkliflər gəlmir. Çox maraqlı durumdur. Bir neçə ay öncə millimizin sabiq baş məşqçisi Robert Prosineçkiyə Türkiyədən təkliflər gəlirdi. Amma Qurban Qurbanov kimi son illər sabit nəticələr göstərən, böyük uğurlara imza atan mütəxəssisimizlə maraqlanan olmur. Niyə? Bu suala mən də cavab axtarıram. Ölkə çempionu olub, dəfələrlə Avropa Liqasının qrupuna düşüb, ÇL-də qrupa düşməklə yanaşı, "Atletiko” kimi komandaya hər iki oyunda uduzmayıb. Başqa nə etməlidir ki, ən azı Türkiyə klublarından təklif alsın? Görünür, burada zəncirvari bağlılıq var. Təkcə ölkənin imicinin yüksəlməsi, bir məşqçinin nailiyyətlər qazanması yetərli deyil. Digər məsələlərdə də fəal olmalıyıq. Bu məsələdə menecerlərin rolu böyükdür. Heç kimi günahlandırmaq fikrim yoxdur. Onlar da öz yollarını seçiblər və ölkəyə futbolçu gətirməklə qazanc əldə etməyə çalışırlar. Məşqçiləri xarici klublara təqdim etmək daha çətin prosesdir. Amma bunu görmək lazımdır və bacaracaq menecerlərimiz də var. Seçdiyiniz mövzuda qoyulan suala konkret, birmənalı cavab vermək olmur”.
V.Sadıqovun fikrincə, Avropada azərbaycanlılara tələbatın olmaması yalnız məşqçilərdən qaynaqlanan problem deyil: "Burada problem yalnız məşqçilərlə bağlı deyil. Son illər avrokuboklarda uğurlu çıxışlarımız var. İtaliya "İnter”inə, İspaniya "Atletiko”suna qarşı özümüzü yaxşı tərəfdən göstərə bilmişik. Güclü rəqiblərə qarşı, sözün əsil mənasında, futbol sərgiləmişik. Yəni, qrupa düşməklə kifayətlənməmişik. Ancaq bunun müqabilində bir futbolçumuza belə, təklif gəlməyib. Bizimlə oynayan klublar futbolçularımıza maraq göstərmədilər. Bu məqam bizi də çox düşündürür. Bu mövzu detallı formada araşdırılmalı, çıxış yolları tapılmalıdır”.
V.Sadıqov müxtəlif ölkələrdə baş məşqçi təyinatlarına müəyyən qrupların, mafiyanın nəzarət etməsinə də münasibət bildirib: "Çox istərdim ki, təkcə yaşıl meydanlarda deyil, ondan kənarda da idman prinsiplərinə əməl edilsin. Hər zaman bacarıqlı insanlara yol açılmasının tərəfdarı olmuşam. Ola bilər ki, hansısa ölkədə futbol təsərrüfatını hansısa şəxslər idarə etsinlər. Ancaq hər yerdə belə ola bilməz. Avropaya yolumuz açılandan sonra davamı gələcək. Qurban Qurbanovun uğurları hamımızı sevindirir. Onu gələcəkdə Avropanın böyük klublarında görmək istərdim. Bir neçə məşqçimiz və ya futbolçumuz Avropada özlərini doğrultsa, vəziyyət dəyişəcək. Bunun gec-tez baş verəcəyinə əminəm”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir