
"Qəbələ” komandası yanvarın 6-da 2018/2019 mövsümünün ikinci yarısının hazırlıqlarına start verəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 2018-ci il dekabrın 20-də keçirilmiş 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan "qırmızı-qaralar” Bakıda bir araya gələcək. 16 günlük fasilədən sonra komanda "Bakı” klubunun təlim-məşq bazasında yığışacaq. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektivin bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq çalışmalarla mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.
"Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. "Qırmızı-qaralar” yanvarın 27-dək Antalya bölgəsində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki "Trendi otel”də məskunlaşacaq. "Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.