AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal və Premyer Liqanın XXVI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin 4 futbolçusu 1/2 final mərhələsinin ilk oyununda "Qarabağ"la matçda (1:0) 4 sarı vərəqə aldığı üçün klub 800 manat məbləğində cərimə olunubb.
Digər yarımfinal duelində isə "Sumqayıt" klubunun mühafizəçisi Elnur İbişov "Zirə" ilə görüş (0:0) başa çatdıqdan sonra meydana daxil olub. Bunun üçün "gənclik şəhəri" təmsilçisinə ciddi xəbərdarlıq olunub.
Premyer Liqanın XXVI turunda "Keşlə"nin 5 futbolçusu "Sabah"la səfər matçında sarı vərəqə alıb. Bunun üçün paytaxt təmsilçisinə 800 manat cəza kəsilib. Görüş başa çatdıqdan sonra isə "Keşlə"dən Edvinas Girdvainis stadionun koridorundu pəncərəni əli ilə sındırıb. Buna görə stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesab əsasında “Keşlə” klubu tərəfindən ödəniləcək.
"Zirə"nin də 4 oyunçusu həmin tur "Qarabağ"a uduzduqları matçda (0:3) sarı vərəqə alıb və qəsəbə klubu 800 manat ödəməli olacaq. "Səbail"in futbolçuları "Qəbələ"ni yendikləri matçda eyni sayda sarı vərəqə alıblar və 800 manat məbləğində cərimələnib.