“Qarabağ”ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı isveçrəli hücumçu bu barədə “Bilck” portalına bildirib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin irəli sürdüyü şərtlər onu qane etməyib. Ancaq Nigeriya əsilli forvard məsələnin hələ açıq qaldığını vurğulayıb: “Görək, nə baş verir”.
Bakının mərkəzində qalan Emeqaranın rəfiqəsi İsveçrədə qalıb. Təcrübəli forvard Azərbaycan paytaxtını Avropanın Dubayı adlandırıb: "Hər yerdə yeni tikililər, təmizlikdir, cinayətkarlıq sıfır səviyyəsindədir. Burada çoxlu əcnəbi yaşayır".
Emeqara çempionluğu həftəsonun "Neftçi" ilə Premyer Liqanın XXVIII tur matçından sonra bayram edəcəklərini də vurğulayıb.
Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış etmiş İnnosent Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə Premyer Liqada 11 oyuna 5 qol vurub. Avrokubokda iştirak etdiyi 3 matçda isə Emeqara 1 dəfə qırmızı vərəqə görməklə diqqət mərkəzinə düşüb. Ötən ilin sonunda zədələndiyi üçün əməliyyat olunan forvard əsas heyətdəki yerini itirib.