İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri "Çelsi" ilə Avropa Liqasının final matçının Bakıda keçirilməsinə dair qərarı şərh edib.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu görüşün eyni məkanda təşkilinə dair qərarın səbəbini bilmədiyini söyləyib. O, 4 il əvvəl İspaniyanın "Sevilya" komandasında baş məşqçi ikən də oxşar situasiya ilə üzləşdiyini xatırladıb: "Barselona"ya qarşı UEFA Super Kubokunun oyununu 4 il əvvəl Gürcüstanın paytaxtı Tbilisidə keçirmişdik. Həmin vaxt da eyni hal idi. İspaniyanın iki komandası - "Sevilya" və "Barselona" Gürcüstana yollanmışdı".
Emerinin fikrincə, finalın İngiltərədən uzaqda keçirilməsi azarkeşlər üçün problem ola bilər. Baş məşqçi İngiltərəyə yaxın yerdə oynamağı üstün tuturam. Çünki biz İngiltərənin iki komandasıyıq və daha çox azarkeşimizin bizi dəstəkləməsinə nail ola bilərik. Üç il əvvəl "Sevilya"da ikən "Liverpul"la Avropa Liqasının finalında İsveçrədə üz-üzə gəlmişdik. Stadion bizim və "Liverpul"un azarkeşləri ilə dolmuşdu. Bu, gözəl idi. Həqiqətən də bilmirəm ki, nəyə görə finalın Bakıda keçirilməsini qərara alıblar. Orada bizim və "Çelsi"nin hərəyə 6000 azarkeşi olacaq. Amma stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Düşünürəm ki, stadion dolacaq, amma hamısı bizim və "Çelsi"nin azarkeşləri olmadan".
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" "Çelsi" ilə üz-üzə gələcək. Oyun saat 23:00-da başlanacaq.