"AFFA-nın məqsədi əsas sponsor SOCAR-dan gələn vəsaitin məbləğini azaltmaqdır".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində söyləyib.
Onun sözlərinə görə, 2017-ci ildə SOCAR-dan daxil olan vəsait AFFA-nın büdcəsinin 47 faizini təşkil edirdisə, 2018-ci il üçün bu göstərici 44 faiz olub. T.Piriyev digər sponsorlardan gələn vəsaiti artırmaq istədiklərini açıqlayıb: "Futbol biznes üçün faydalıdır. Hər şey tərəfdaşlığa yanaşmadan aslıdır. Əməkdaşlığın faydalı olmasına qarşı tərəf diqqət yetirməlidir".
AFFA rəsmisinin fikrincə, artıq stadionlarda reklam lövhələri və ya formada loqolar aktual deyil: "Daha böyük dəyərlər var. Məsələn, "Məktəbli Kuboku" bizim layihəmizdir. Əvvəllər bu layihəni Təhsil Nazirliyi ilə birgə 2 məktəbdə həyata keçirirdik. Sonra fikirləşdik ki, layihəni genişləndirmək üçün dəstəyə ehtiyac var. Bu işdə "Coca Cola" ilə əməkdaşlıq etdik. Hazırda layihəni 76 rayonda keçirdirik".