
UEFA-nın Ulduz səfirlərindən olan Fransa millisinin sabiq futbolçusu Rober Pires Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı sabiq komandası – İngiltərə “Arsenal”ının azarkeşlərinə çağırış edib.
Sportnet.az xəbər verir ki, Bakıda səhər yeməyi masası arxasında əyləşən 46 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fikirlərini çatdırıb: “Salam, “Arsenal” fanatları. İndi Bakıdayam, səhər yeməyi yeyirəm. İkinci dəfədir Azərbaycandayam. Möhtəşəm final üçün burada hər şey hazırdır. Sizi burada gözləyirəm”.
Hazırda Bakının “Səbail” klubunun formasını geyinən digər finalçı – Londonun “Çelsi”si klubunun sabiq futbolçusu Maykl Essyen isə bunları deyib: “Salam, sabahınız xeyir. Son bir neçə aydır ki, Bakıda yaşayıram və bundan məmnunam. Burada səhər yeməyi əladır. Bakıya gəlin. Səhər yeməyi yeyin, axşam isə Avropa Liqasının finalına baxın”.
Xatırladaq ki, bir neçə gün öncə İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.
Pires 2000 - 2006-cı illərdə çıxış etdiyi "Arsenal"ın heyətində 2 dəfə İngiltərə çempionu (2001/2002, 2003/2004) və Federasiya Kubokunun qalibi (2002/2003, 2004/2005), eləcə də Çempionlar Liqasının finalçısı (2005/2006) olub. Fransa millisinin heyətində isə o, dünya (1998) və Avropa çempionu (2000), Konfederasiyalar Kubokunun 2 qat qalibi (2001, 2003) adını qazanıb.