
"Azərbaycan Dəmir Yolları" QSC Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar qatar sərnişinləri üçün Tədbirlər Planı hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, mayın 29-da təşkil olunacaq qarşılaşma ilə əlaqədar oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25 - 28 mayda, bilet (dəvətnamə) sahibi olan şəxslərin gün ərzində, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslər və digər aidiyyəti qonaqların 29 mayda final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 mayda isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni zamanda Bakı - Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.
Eyni zamanda həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün mayın 28-də saat 22:35-də Tbilisidən Bakıya və mayın 30-da saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.
Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan mayın 27-də, geriyə Qazaxdan mayın 28-də hər iki istiqamətdə 98/97 saylı Bakı - Qazax - Bakı qatarı bir reysə ləğv edilib.
Bakıdan mayın 29-da bir istiqamətdə 98 nömrəli Bakı - Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilib.
Eyni zamanda Bakıdan mayın 30-da, geriyə Astaradan mayın 31-də bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilib.