"Neftçi” komandasının Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq. "Vorskla” 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olub. Bakıda və Poltavadakı görüşlərdə qonaq komandalar eyni hesabla qalib gəlirlər - 1:0.
Qeyd edək ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandanın iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.