Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş "zadəganlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Oyunda bütün qollar fasilədən sonra vurulub.
Komandalar oyuna bu "11-lik"lərlə çıxıblar:
“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10. Eden Azar
“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett
Matçın ilk 15 dəqiqəsində qapılar önündə real qol vəziyyəti olmayıb. "Arsenal" cinahdan təşkil etdiyi hücumlarla fəallıq göstərsə də, son zərbələr qeyri-dəqiq alınıb.
Qarşılaşmanın 18-ci dəqiqəsində Lyakazett Arrisabalaqa ilə təkbətək mübarizədə yerə yıxılsa da, italiyalı referi Canluka Rokki penalti təyin etməyib. Baş hakim "Arsenal" futbolçularının videotəkrar sisteminə (VAR) müraciət etmək tələblərinə məhəl qoymayıb.
İrəliləyən dəqiqələrdə də "topçular" cinah hücumlarına bel bağlayıb. Əks-hücum zamanı isə "zadəganlar"ın forvardı Jiru topu düzgün qəbul etməyib və zərbə anını qaçırıb. Bir qədər sonra isə Cakanın zərbəsi təhlükəli alınsa da, hesab açılmayıb.
Ardınca "Çelsi"dən Palmierinin sol cinahdan zərbələri də qolla nəticələnməyib. Həmçinin "Arsenal"dan
Kolaşinatsın sol cinahdan vurduğu zərbələr qapı xəttini keçməyib.
Qarşılaşmada ilk real qol epizodu 39-cu dəqiqədə "Arsenal"ın qapısı önündə olub. Jirunun cərimə meydançasının daxilində vurduğu zərbəni Çex çətinliklə dəf edib. Beləliklə, ilk hissədə hesab açılmayıb.
İkinci hissə isə qolla başlayıb. Matçın 49-cu dəqiqəsində Palmierinin sol cinahdan hava ötürməsini Jiru başla qola çevirərək, sabiq komandasını məyus edib.
Oyunun 60-cı dəqiqəsində "Çelsi"nin yenə sol cinahdan təşkil etdiyi hücum qolla nəticələnib. Eden Azarın ötürməsini Pedro Rodriges dəqiq zərbə ilə tamamlayıb.
65-ci dəqiqədə "Çelsi" qələbəyə bir qədər də yaxınlaşıb. Azar Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib.
Hesabda 3 top fərqi ilə geri düşdükdən sonra "Arsenal"ın baş məşqçisi Unay Emeri 2 əvəzetməyə əl atıb. O, müdafiəçi Monrealın əvəzinə yarımmüdafiəçi Matteo Günduzini, sol cinahdakı Torreiranın əvəzinə Aleks İvobini buraxıb.
Sonuncu 69-cu dəqiqədə qol vursa da, 72-ci dəqiqədə Azar yenə aradakı fərqi 3 topa çatdırıb.
"Çelsi"nin baş məşqçisi də Mauritsio Sarri əvəzetməsiz ötüşməyib. O, Azarın qolundan 1 dəqiqə əvvəl Pedronun yerinə Villianı buraxıb. 76-cı dəqiqədə isə Ross Barkli Kovaçiçi əvəzləyib. "Arsenal"da isə Özil yerini Co Uilloka verib.
Bundan sonra hər iki komandanın bir neçə real qol şansı olub. Lakin hesab 4:1 olaraq qalıb.
Beləliklə, Bakıda baş tutan möhtəşəm finalda "Çelsi" 6 ildən sonra tarixində 2-ci dəfə Avropa Liqasının qalibi olub. Komandanın forvardı Oliviye Jiru isə 11 topla mövsümün bombardiri adını qazanıb.
-------------
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. Saat 23:00-da başlayacaq matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.
Bu görüş London təmsilçilərinin 198-ci dueli olacaq. Bunların 76-da "Arsenal", 63-də "Çelsi" qələbə qazanıb, 58 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bakıdakı final komandaların avrokuboklarda üçüncü qarşılaşması olacaq. İngiltərə klubları yalnız 2003-2004 mövsümündə Çempionlar Liqasının 1/4 finalında üz-üzə gəliblər. Komandalar arasındakı ilk matç heç-heçə (1:1) bitib, səfərdə rəqibini məğlub edən (2:1) "Çelsi" növbəti mərhələyə vəsiqə qazanıb.
"Çelsi" avrokuboklarda 9-cu dəfə final oyununa çıxacaq. "Zadəganlar" bunların 5-də qələbə qazanıb. Komanda 1971-ci ildə UEFA Kuboklar Kubokunun finalında İspaniya "Real Madrid"ini iki görüşün nəticəsinə əsasən məğlub edib 1:1;2:1. "Çelsi" 1998-ci ildə isə eyni turnirin finalında Almaniyanın "Ştutqart" kollektivindən üstün olub - 1:0. London təmsilçisi 2008-ci ildə Çempionlar Liqasının finalında "Mançester Yunayted"ə əsas vaxtı heç-heçə (1:1) bitən görüşdə penaltilərdə uduzub - 6:5. "Göylər" 2012-ci ildə də isə 1:1 hesabı ilə bitən finalda Almaniya "Bavariya"sını penaltilərdə 4:3 üstələyərək Çempionlar Liqasının qalibi olub. "Zadəganlar" 2013-cü ildə Portuqaliya "Benfika"sını məğlub edib və tarixində ilk dəfə Avropa Liqasını qazanıb. UEFA Super Kubokunun da üç dəfə iştirakçısı olan "Çelsi" 1998-ci ildə "Real Madrid"i məğlub edib (1:0), 2012-ci ildə "Atletiko Madrid"ə uduzan komanda (1:4), 2013-cü ildə bərabərliklə yekunlaşan (2:2) matçda "Bavariya"ya penaltilər seriyasında uduzub - 4:5.
"Arsenal" isə 7-ci dəfə UEFA turnirlərində final matçına çıxacaq. "Topçular" bunların yalnız birində qələbə qazana bilib. Komanda 1994-ci ildə UEFA Kuboklar Kubokunun finalında İtaliyanın "Parma" klubunu məğlub edərək çempion olub. London təmsilçisi 1980-ci ildə eyni turnirin finalında qolsuz yekunlaşan matçda İspaniya "Valensiya"sına penaltilərdə uduzub - 4:5. "Topçular" 1995-ci ildə isə İspaniyanın digər təmsilçisi "Real Saraqosa" ilə bacarmayıb - 1:2. "Arsenal" 1994-cü ildə UEFA Super Kubokunda iki görüşün nəticəsinə əsasən İtaliyanın "Milan" kollektivinə məğlub olub - 0:0;0:2. İngiltərə klubu 2000-ci ildə UEFA Kubokunda (indiki Avropa Liqası) da final oynayıb. Londonlular əsas və əlavə vaxtı qolsuz bitən görüşdə penalti zərbələrindən sonra Türkiyənin "Qalatasaray" komandasına uduzub - 1:4. "Arsenal" 2006-cı ildə isə Çempionlar Liqasının finalında məğlubiyyətə uğrayıb. Komanda həlledici görüşdə İspaniyanın "Barselona" komandası ilə də bacarmayıb 1:2.
"Çelsi"bu vaxta qədər avrokuboklarda İngiltərə təmsilçiləri ilə 17 dəfə qarşılaşıb və bunların 6-da qələbə qazanıb, 4-də isə məğlub olub. 7 qarşılaşma isə heç-heçə bitib. "Arsenal" isə ölkəsinin komandaları ilə Avropada 6 dəfə üz-üzə gəlib. Bunlardan heç birində qələbə qazana bilməyən "topçular", 4 dəfə məğlub olub, 2 dəfə isə heç-heçə edib.
UEFA Avropa Liqası
FİNAL
23:00. "Arsenal" (İngiltərə) - "Çelsi" (İngiltərə) - 4:1
Qollar: Olivye Jiru, 49. Pedro Rodriges, 60. Eden Azar, 65 (pen.); 72 - Aleks İvobi, 62
Hakimlər: Canluka Roki, Filippo Melli, Lorentso Manqanelli, Daniele Orsato (hamısı İtaliya)
Bakı Olimpiya Stadionu.