
"Sabah ilk növbədə, ciddi oynamalı, matça ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyundakı kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir".
Sportnet.az-ın məlumatına görə, bunları Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı başlamaq onlar üçün önəmlidir:
"Komandanı eyni səviyyədə saxlamaq baş məşqçi üçün əsas çətin işdir. Azərbaycan millisi yaxşı komandadır. Oyuna yaxşı başlamalıyıq. Əks halda, çətinlik çəkəcəyik. Slovakiya ilə görüşlə müqayisədə heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Dəyişiklik olsa da, cüzi olacaq".
Daliç heyətdəki bəzi itkilərin onların oyunun mənfi təsir etməyəcəyini deyib:
"Komanda olaraq məqsədimizi bilirik. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, AVRO-2020-yə vəsiqə qazanacağıq. Heyətdəki itkilər komandamıza ciddi təsir etmir. Slovakiyanı səfərdə 4:0 hesabı ilə udduğumuz oyunda da itkilər vardı. Əlimizdəki futbolçulara güvənirik".
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.