"Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə, rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov evdə Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi bildirib ki, Xorvatiya yığması ilk 15 dəqiqə ərzində dayanmadan hücum edib və təzyiq göstərib: "Amma onlar da səfər oyunundan gəliblər. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik".
Hüseynov Xorvatiyadan daha öncə də xal qazana bildiklərini sözlərinə əlavə edib: "Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq".
Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: "Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar".
Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq. Min bərəkət (gülür)".