Seymur XƏZƏR
Həmişə nahat etməyə getdiyim məkanda bu dəfə Rusiya telekanalı ilə musiqilər yox, futbol nümayiş etdirilirdi. Həmin matç isə Azərbaycan - Xorvatiya matçının təkrarı idi. Kafenin əməkdaşları və müştərilər sanki canlı yayım imiş kimi maraqla oyuna tamaşa edirdilər.
Nahar vaxtı ikinci hissə yenicə başlayırdı. Komandalar fasilədən qayıdarkən Təmkin Xəlilzadə Pavel Paşayevin əvəzinə meydana daxil olmağa hazırlaşırdı. Yanında isə onu çiynindən sıxaraq, son tapşırıqlarını verən baş məşqçi Nikola Yurçeviç idi. Xorvatiyalı mütəxəssis Xəlilzadəni bir dəqiqəyədək təlimatlandırdı. Bu, bəlkə də oyunun kulminasiya anı idi. Görünür, göstərişləri düzgün icra etməsinin nəticəsi idi ki, "Sabah"ın cinah oyunçusu təkbaşına rəqibin müdafiə xəttini yararaq, möhtəşəm qol vurdu.
Müdafiə xəttinin mərkəzində isə daha bir parlaq sima - Bəhlul Mustafazadə yer almışdı. Millidə ikinci oyununu keçirən 22 yaşlı futbolçu da hazırda "Sabah"da çıxış edir. Amma nə o, nə Xəlilzadə, nə də 90-cı dəqiqədə meydana daxil olan Rəşad Eyubov Elşad Əhmədovun müstəsna baş məşqçi bacarığı nəticəsində yığmada özlərinə yer etməyi bacarıblar. Eyubov ötən mövsümün gedişində, digərləri isə bu yay "Sabah"a transfer edilib.
Əksinə, onların millidə yüksək səviyyədə çıxış etdikləri halda, öz klublarında ciddi heç bir şeylə yadda qalmamaları Əhmədovun bacarıqsızlığının göstəricisidir. Bəli, cəmi iki ildir Premyer Liqada çıxış edən bu komanda cari mövsümdən heyətinə daha səviyyəli futbolçular cəlb edib. Təkcə, yerlilər deyil, əcnəbilər də fərdi oyun keyfiyyətləri ilə seçilirlər. Bunu yoxlama oyunları da göstərirdi. Fiziki hazırlıqlı və texnikalı futbolçular istənilən komandanı gücləndirməyə qadirdirlər. Yetər ki, onlar düzgün adaptasiya prosesi keçsinlər. Amma nə yazıq ki, Əhmədov onlardan kollektiv formalaşdıra bilməyib.
Kimlərsə düşünə bilər ki, buna zaman lazımdır, get-gedə bir-birilərinə qaynayıb-qarışacaqlar. Amma təcrübə onu göstərir ki, "gənc və perspektivli" baş məşqçinin liderlərlə işləmək qabiliyyəti yoxdur. Götürək, elə Marko Deviçi. Ötən mövsüm "Sabah"ın bombardiri olan Deviçin meydanda olduğu oyunların sayı olmadıqlarından daha çox idi. Gah xəstələnir, gah zədələnir, gah şəxsi işləri çıxır, gah da qırmızı vərəqə alırdı. Özü də komandanın ən ödənişli futbolçusu idi. Sonu necə oldu: "Ziyanın yarısından da qayıtmaq xeyirdir" deyərək, onunla yollarını ayırdılar. Yoxlama matçındaca çevikliyi ilə diqqətləri cəlb edən Hendrik Eksteyn isə "Zirə" ilə III tur oyununda yalnız 75-ci dəqiqədə meydana girdi.
"Sabah"ın sifariş ərizəsində 8 legioner yer alsa da, onların bəziləri hələ meydana çıxmayıb, bəziləri isə əsas heyət üzvünə çevrilə bilməyiblər.
Elşad Əhmədov - Emin Abbasov tandemi klub rəhbərliyinə 3-cü yer söz verib. Əslində, "Sabah" normal baş məşqçi və menecerlə nəinki bürünc, hətta gümüş medal əldə etmək gücündədir. Lakin Əhmədovun bu komandanı hədəflərə doğru apara bilməyəcəyini hətta "silahdaş"ı Abbasov da gözəl anlayır. Amma hələ ki, dirəniş göstərir, baş məşqçi istefasının qarşısını hər vəchlə almağa çalışır. Çünki bilir ki, Əhmədov getsə, özü də çox duruş gətirməyəcək. Axı onu "Sabah"a Elşad bəy gətirib! Baş məşqçiyə qarşı Təmkinli olan "Sabah"a...