Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib. 1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu “Qarabağ” yüksəlib.
V turda “Zirə”ni 3:1 hesabı ilə üstələyən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.
“Qarabağ” 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. Flaqman isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.