
Azərbaycan millisinin səfərdə Bəhreynlə yoldaşlıq, Macarıstanla isə AVRO-2020-nin seçmə qrup oyunu üçün heyəti açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç qarşıdakı oyunlara 23 futbolçu çağırıb.
"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyevə təqribən bir illik, İspaniya "Albasete"sinin yarımmüdafiəçisi Eddi İsrafilova isə 6 aylıq fasilədən sonra dəvət göndərilib.
Oktyabrın 6-da bir araya gələcək komanda üzvləri Bakıda iki gün hazırlıq keçdikdən sonra oktyabrın 8-də Bəhreynə yollanacaqlar. Oktyabrın 9-da keçiriləcək yoldaşlıq görüşünün ardından yığma Macarıstana yollanacaq.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə ("Sabah"), Bəhlul Mustafazadə ("Sabah")
Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete", İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")
Hücumçular: Mahir Emreli ("Qarabağ"), Araz Abdullayev ("Qarabağ"), Ramil Şeydayev ("Dinamo" Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail")
Qeyd edək ki, oktyabrın 9-da Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Macarıstanla matç isə oktyabrın 13-də Budapeştdəki "Ferentsvaroş" stadionunda olacaq. Görüşün start fiti saat 20:00-da çalınacaq.