
Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib.
Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.
62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.
Azərbaycan Bəheynə ardıcıl üçüncü dəfə qalib gəlib. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada baş tutmuş oyunda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda keçirilmiş matçda isə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
--------
Bu gün Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Bəhreyn Milli Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Oyun Nikola Yurçeviçin baş məşqçi olduğu kollektivin oktyabrın 13-də Budapeştdə Macarıstanla keçirəcəyi AVRO-2020-nin seçmə matçı ərəfəsinə təsadüf edib.
Yığma səfərə ötən gün itkilərlə çıxıb. Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəli olduqları üçün heyətdən kənarda qalıb. Komandanın düşərgəsində olan Qara Qarayevin də zədə üzündən bugünkü görüşü buraxma ehtimalı böyükdür.
Bu, Yurçeviçin rəhbərliyi altında ikinci yoldaşlıq görüşü olacaq. Martın 25-də "Bakcell Arena"da keçirilmiş ilk belə oyunda Litva ilə qolsuz heç-heçə qeydə alınıb.
Azərbaycan və Bəheyn milliləri isə üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada baş tutmuş oyunda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda keçirilmiş matçda isə 3:0 hesabı ilə qalib gəlib.
Amma FIFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.
9 oktyabr
Yoldaşlıq görüşü
20:30. Bəhreyn - Azərbaycan - 2:3
Azərbaycanın qolları: Rüfət Dadaşov, 41. Təmkin Xəlilzadə, 62. Ramil Şeydayev, 70
Hakimlər: Ahmed Abubaker Alkaf, Abubaker Salem Alamri, Raşed Hamad Alqaiti (hamısı Oman)
Dördüncü hakim: İssa Abdulla (Bəhreyn)
Əl-Rifa, Bəhreyn milli stadionu.