Seymur XƏZƏR
Oynamasalar da, yaxşı hay-küyləri var. Söhbət iki ildir Premyer Liqada çıxış edən "Sabah" komandasından gedir. Birinci ilində sondan ikinci yeri tutanda "Məqsədimiz Premyer Liqada qalmaqdır" deyən "iddialı" rəhbərlik indi sondan birinci yerdə "möhkəmlənən" komandanın nəticələrindən feyziyab olmaqdadır. Üstəlik, bu klub müntəzəm olaraq, qalmaqallarla gündəmə gəlməklə pərəstişkarlarını darıxmağa qoymur.
Son olaraq, Təmkin Xəlilzadə "Keşlə" ilə oyundan sonra baş hakim Kamal Umudluya hücum edib. Milli komandada da çıxış edən futbolçu referini döymək istəyib. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra onu hadisə yerindən uzaqlaşdırmaq mümkün olub.
Xəlilzadə son illər həm oyunu, həm də qalmaqalları ilə gündəmdə olan futbolçulardandır. O, millinin AVRO-2020-də yeganə xalını qazandığı Xorvatiya ilə Bakıdakı qarşılaşmada qol vurub. Hə, Bəhreynlə yoldaşlıq görüşündə də fərqlənməyi bacarıb. Daha bir üstünlüyü isə solaxay olmasıdır.
Neqativləri isə yetərincədir. O, qırmızı vərəqə almaqla yanaşı, adı futboldankənar olaylarda da hallanır. Ötən mövsüm Xəlilzadənin bir müddət "Sabah"ın əsas heyətindən kənarlaşdırılması da məhz bu səbəbdən idi. Deyilənlərə görə, qumarda külli miqdarda pul uduzubmuş.
Sonradan o, əfv olunarkən hamı ipə-sapa yatdığını və başını aşağı salaraq, futbolla məşğul olacağını düşünürdü. Amma nə faydası: Yenə qalmaqal, yenə "Sabah"da. Belə fikirlər var ki, "Keşlə" ilə oyunda baş hakimə vaxtı az uzatmasını irad bildirib. Əvəzində o, önündə qırmızı vərəqə görüb. Bundan qəzəblənən Xəlilzadə referiyə hücum edib. Amma bu da millinin futbolçusuna bəraət qazandırmır.
"Sabah"dan milliyə 3 futbolçu çağırılır. Rəşad Eyubovdan fərqli olaraq, Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə əsas heyətdə çıxış edir. Mustafazadə artıq özünü ən yaxşı tərəfdən göstərməyi bacarır, Xəlilzadə də azdan-çoxdan nə isə etməyə çalışır.
Elə isə niyə bunlar öz klublarında heç nə ilə yadda qalmırlar? Mustafazadənin yer aldığı müdafiə xətti orta hesabla hər oyuna bir qol buraxıb. Xəlilzadə isə az qala hakimi öldürmək istəyir?
Göründüyü kimi, hər şey daxili ab-havadan, mühitdən asılıdır. "Sabah"ın normal menecmenti olsaydı, klubdaxili nizam-intizama ciddi riayət olunsaydı, nə sonuncu yerdə ola, nə də qalmaqallar yaşayardılar. Futbolda birdən-birə peyda olaraq, prezident postunu tutan Maqsud Adıgözəlovun rəhbərliyi altında çətin ki, klub nəyəsə nail olsun. Xəlilzadə yığma üzvüdür deyə at oynadacaqsa, 5-6 nəfərlik Müşahidə Şurası nə üçündür?
Heç olmasa, "avtoş"luq edən Araz Abdullayevə Qurban Qurbanovun sərt üzünü göstərməsindən dərs çıxarsınlar!