Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun “Sumqayıt” – “Qarabağ” oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu "gənclik şəhəri" təmsilçisinin heyətində 159-cu çempionat matçına çıxıb. Hüseynov bu müddətdə cəmi 1 qol vura bilib.
Azərbaycan millisinin sabiq üzvü “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.
Qeyd edək ki, "Qarabağ"la görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:1.