
“Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər-səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsentrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artırdır".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının elit-raundunun II turunda Rusiyaya 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra affa.az-a açıqlamasında deyib. Braziliyalı mütəxəssisin sözlərinə görə, komandası vacib olanı – yaratdığı epizodları realizə etməyi bacarıb: "Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım. Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”.