Rusiya Premyer Liqasının 2019/2020 mövsümündə istedadlarından aşağı səviyyədə çıxış edən yerli futbolçular müəyyənləşib.
Sportnet.az "Championat" nəşrinə istinadən xəbər verir ki, siyahıda "Spartak"da çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də yer alıb. 24 yaşlı yarımmüdafiəçi yaxşı oyun sərgiləyə bilməyən oyunçular arasında 4-cüdür.
Nəşr bildirib ki, "Spartak" 2018-ci ilin sonunda "Rostov"un formasını geyinən Quliyevin oyununa heyran qalıb və öz yetirməsini transfer edib: "Ayaz Denis Qluşakovu əvəzləməli idi və əvvəlcə bunu etdi. 2019-cu ilin yayında Oleq Kononovun rəhbərliyi altında zaman-zaman yaxşı görünürdü. Amma Quliyev "Rostov"la müqayisədə artırmadı, əksinə, daha da zəiflədi. Bəlkə də "Spartak"a keçidi onu həvəsləndirmədi, rahatlatdı".
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-21 millisinin formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.