İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane yay "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.
Sportnet.az-ın "France Football"a istinadən məlumatına görə, seneqallı hücumçunun mersisaydlılarla yollarını ayırmaq istəyi komandanın baş məşqçisi Yurgen Kloppla bağlıdır. Almaniyalı mütəxəssisin 2019-cu ildə "Qızıl top" mükafatının səsvernəsində Maneni deyil, "Liverpul"un digər müdafiəçisi Vircil van Deyki seçməsi 28 yaşlı afrikalının xoşuna gəlməyib. Həmin vaxt təcrübəli forvard 4-cü yerə çıxmışdı.
Manenin yayda İspaniyanın "Real Madrid" klubuna keçəcəyi gözlənilir. Daha əvvəl "kral klubu"nun sözügedən oyunçu üçün 150 milyon funt-sterlinq təzminat ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki,bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxan Sadio Mane 14 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi 8 qarşılaşmada isə 2 dəfə fərqlənib, eyni sayda qol pası verib. Seneqallı hücumçunun Mersisayd təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.