"Azərbaycanda keçirdiyim 5 ilin həyatımda xüsusi yeri var. Ora nikbin insanların yaşadığı gözəl ölkədir".
Sportnet.az-ın məlumatına görə, bunu "Simurq" və "Qəbələ" klublarının sabiq oyunçusu David Petrjkeviç "1liga.org" saytına açıqlamasında Azərbaycandakı karyerası barədə danışarkən deyib.
Hazırda Polşanın I liqa təmsilçisi "Sandetsya"da çıxış edən 32 yaşlı qapıçı "Qəbələ"nin heyətində 2 dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladıb. Təcrübəli qolkiper ingiltərəli mütəxəssis Toni Adamsla tanışlığından da söz açıb: "Qrupa düşmək üçün "Lill", "Maribor" və "Panatinaikos" kimi komandaları məğlub etdik. Bu klubda zəngin futbol təcrübəsi olan insanlarla tanış oldum. Məsələn, Toni Adamsdan futbol haqqında çox şey öyrəndim. Həmin vaxt idman direktoru idi. Daha sonra klub prezidentinin müşaviri təyin olundu. Hər kəslə ünsiyyət qurmağa çalışan mehriban və gülərüz qonaq idi".
Petrjkeviç Qəbələdəki futbol infrastrukturunu görəndə şoka düşdüyünü söyləyib: "Orada 9 möhtəşəm meydan var. Klubun özü çox yaxşı təşkilatlanıb. Ölkənin digər komandası "Qarabağ"ın avrokuboklardakı nəticələri təsadüfi deyil. Bu, çempionatın Polşadakı kimi zəif olmaması deməkdir. Amma klubların gücündə xeyli fərq var. Olduqca iddialı və çox zəif komandalar var".
Bakıdakı həyat tərzindən də danışan qapıçı burada yaşayarkən hər şeyin ürəyincə olduğunu vurğulayıb: "Bakı gözəl şəhərdir və günü-gündən çiçəklənir. Şəhər Dubaya oxşayır. Azərbaycan paytaxtının inkişafının ən yaxşı sübutu "Formula 1" ilə imzalanmış uzunmüddətli müqavilədir. Bir çox ölkə bunu yalnız xəyal edə bilər".
Azərbaycan mətbəxinə də toxunan oyunçu təndir çörəyini çox sevdiyini deyib: "Zaqataladan Qəbələyə gedərkən avtobusu yolun kənarında saxlayıb çörək alırdıq. Təndir çörəyinin xüsusi dadı var".
Qeyd edək ki, 2012/2013 mövsümündə "Simurq" klubunda çıxış edən David Petrjkeviç həmin il Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. O, 2013/2014 və 2015/2017 mövsümlərində "Qəbələ"nin formasını geyinib.