Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, F qrupunda keçirilən 2 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.
Almaniya millisi Münhen şəhərindəki eyniadlı stadionda Macarıstan yığması ilə qarşılaşıb. Rusiyalı referi Sergey Karasyov idarə etdiyi görüş 2:2 hesabı ilə başa çatıb. Oyunda ilk qolu macarlar vurublar. Adam Salai 11-ci dəqiqədə fərqlənib. Meydan sahibləri 66-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı bərabərləşdirsə də, 2 dəqiqə sonra Andraş Şafer Macarıstanı yenidən önə çıxarıb. Matçda son nöqtəni isə 84-cü dəqiqədə Leon Qoretska qoyub. Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Bundestim 2-ci yerin sahibi kimi pley-offa yüksəlib. Macarıstan isə 2 xalla qrupda qalıb.
Növbəti mərhələyə vəsiqəni daha əvvəl təmin etmiş Fransa isə son Avropa çempionu Portuqaliya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Oyunda hesabı 31-ci dəqiqədə penaltidən Kriştianu Ronaldu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Kərim Benzema tarazlığı bərpa edib. İspaniya "Real Madrid"inin hücumçusu 47-ci dəqiqə dubl edib. Ronaldunun 60-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qol isə yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra Fransa qrupu 5 xalla zirvədə tamamlayıb. 4-cü xalını qazanan Portuqaliya isə ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri kimi qrupdan çıxıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları iyunun 26, 27, 28 və 29-da keçiriləcək.
----------------------------
Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.
Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda keçirilmiş qarşılaşma ispanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyanın heyətində Alvaro Morata 12-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30-cu dəqiqədə slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.
Xallarının sayını 5-ə çatdıran İspaniya qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv növbəti raundda Xorvatiya ilə üz-üzə gələcək.
Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Viktor Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.
Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.
Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda ən yaxşı üçüncü yerin sahibi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutacaq. Bununla da 1/8 finalın son 5 iştirakçısı bəlli olacaq.
E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç - Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hazırda 4 xalla ilk pillədə yer alan skandinaviyalıların qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. 1 xalla sonuncu sırada qərarlaşan polşalılar isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdırlar.
Sevilyadakı "Estadio La Cartuja" stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. 3 xalla 2-ci sırada olan slovakiyalılara 1/8 finala çıxmaq üçün heç-heçə kifayət edəcək. 2 xalı olan pireneylilərə isə qələbə lazımdır. Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır.
Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək.
Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi rusiyalı Sergey Karasyov olacaq. Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avropa çempionatı
E qrupu, III tur
20:00. İsveç - Polşa - 3:2
Qol: Emil Forsberq, 2. 59. Klasson - Robert Levandovski, 61. 84
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
20:00. Slovakiya - İspaniya - 0:5
Qol: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71
Qeyri-dəqiq penalti: Alvaro Morata, 12
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya, "Estadio La Cartuja" stadionu
Xal durumu: İsveç - 7, İspaniya - 5, Slovakiya - 3, Polşa - 1
F qrupu
23:00. Macarıstan - Almaniya - 2:2
Qol: Adam Salai, 11, Andraş Şafer, 68 - Kay Haverts, 66, Leon Qoretska, 84
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen, "Münhen Futbol Arenası"
23:00. Portuqaliya - Fransa - 2:2
Qollar: Kriştianu Ronaldu, 31 (penalti); 60 (penalti) - Kərim Benzema, 45+2 (penalti); 47
Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
Budapeşt, "Puşkaş Arena"
Xal durumu: Fransa - 5, Almaniya - 4, Portuqaliya - 4, Macarıstan - 2