AFFA İntizam Komitəsi "Keşlə" klubunu 2 400 manat cərimələyib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın V tur oyunu bitdikdən dərhal sonra meydana azarkeşin girməsi səbəbindən 1 600 manat ödəməli olacaq.
Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb. Kluba bu səbəbdən, daha 800 manat ziyana düşüb.
Oxşar hal “Səbail” – “Zirə” görüşündə də yaşanıb. Matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün "Səbail"ə 1600 manat cərimə kəsilib. "Zirə" isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat ödəyəcək.
Bundan başqa, “Sabah”la səfər oyununda "Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə edib. Flaqman bu səbəbdən, 800 manat ziyana düşüb.
Nəhayət, "Qəbələ" 4 futbolçusu "Sumqayıt"la qolsuz heç-heçə etdikləri qarşılaşmada sarı vərəqə gördüyündən, 800 manat ödəyəcək.