Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Şanlı Urfaspor"un qonağı olub. Ağayevin ehtiyatda qaldığı görüşdə komandası 3:2 hesabı ilə qalib gəlib.
Cəmşid Məhərrəmovun komandası "Adanaspor" "Karşıyaka" ilə qarşılaşıb. Məhərrəmovun 90 dəqiqə çıxış etdiyi matçda Adana təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Millimizə hazırda çağırılmayan Ufuk Budakın klubu "Qaziantep BB" "Alanyaspor"a öz meydanında 0:2 hesabı ilə məğlub olub. Bu görüşdə Budak ilk "11"likdə meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiç son turda meydana çıxa bilməyib. O, "Manisaspor"un "Giresunspor"la ev oyununda ilk "18"likdə olub. Lakin 1:4 hesabı ilə məğlub olduqları matçı kənardan izləyib.
Rail Məlikovun klubu "Denizlispor" "Samsunspor"un qonağı olub və 1:2 hesablı məğlubiyyətə uğrayıb. Yığmamızın keçmiş müdafiəçisi bu matçı ehtiyat oyunçular skamyasından izləyib.
Azərbaycanın 21 yaşadək yığma komandasının sabiq futbolçusu Timur Temeltaş "Altınordu"nun heyətində bu dəfə də fərqlənməyə müvəffəq olub. "Adana Demirspor"a qarşı 81 dəqiqə mübarizə aparan Temeltaş 5:0 hesabı ilə qalib gəldikləri matçda 49-cu dəqiqədə ikinci qolun müəllifi olub.
Nəhayət, komandası "Boluspor"un səfərdə "Orduspor"u 2:0 hesabı ilə yendiyi qarşılaşmada Vaqif Cavadov "18-lik"dən kənarda qalıb.
Bu nəticələrdən sonra "Manisaspor" "Bucaspor" və "Orduspor"la birgə I Liqanı tərk edib. "Denizlispor" uduzsa da, 15-ci yeri tutaraq, aşağı liqaya enməkdən qurtulub. "Kayserispor" və "Osmanlıspor" Super Liqaya birbaşa vəsiqə qazanıb. "Alanyaspor", "Adanaspor", "Samsunspor" və "Antalyaspor" elitaya 3-cü vəsiqə sahibini müəyyənləşdirmək üçün "pley-off" oynayacaq. "Altınordu" darmadağına rəğmən", ilk "6-lıq"dan kənarda qalıb. "Boluspor" 10-cu, "Qaziantep BB" 13-cü, "Adanaspor" isə 14-cü olub.