Əvvəllər də Bakıda bir çox yerli və beynəlxalq oyunu izləmişdim. Amma Azərbaycan və Norveç yığmaları arasındakı qarşılaşmanın mənim üçün xüsusi önəmi vardı. O mənada ki, ilk dəfə idi jurnalist kimi oyuna gedirdim. AFFA-da akkreditədən keçmiş idman jurnalisti kimi. Sanki futbolun nə olduğunu indi-indi anlamağa başlayırdım. Necə deyərlər: Getdim, gördüm və qayıtdım. Gördüyümü gördüm, getdiyim yolun əzab-əziyyəti ilə də qayıtdım.
"Qarabağ”dan 3 dəfə geri qalan milli komanda
Stadiona çatarkən hələ tez idi. Matçın başlamasına bir saatdan çox qalırdı. Ona görə "Bakcell Arena” ətrafında müşahidələr aparmağa başladım.
Hələ "8-ci km bazarı”nın yanından stadion istiqamətində gedərkən yol boyu altı nəfər əldə bilet satan gördüm. Hamısı mən soruşmadan özləri yaxınlaşıb biletlərini təklif edirdi. Bəziləri 3 manata satsa da, stadionun hasarlarına yaxınlaşanda öz qiymətinə də razılaşırdılar. Onu da deyim ki, "Qarabağ” – "Dnepr” matçında 30 mindən çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionu ətrafında daha çox azarkeş qaynaşırdı, nəinki 11 min nəfərlik "Bakcell Arena”da çıxış edəcək millinin oyununda. "Qarabağ”ın qarşılaşmasına biletlər göydə alınırdı, burada isə yalvara-yalvara satırdılar. Çoxu da müxtəlif fan-klubların nümayəndələri. Belə qənaətə gəlmək olardı ki, onlara öncədən çoxlu sayda bilet verilib ki, özləri ilə oyuna azarkeş gətirsinlər. Amma lazımi sayda tərəfdar yığa bilmədiklərindən, üstlərində qalan biletlərdən bu yolla qurtulmaq istəyirlər.
Bu mənzərəni gördükcə bir fikir mənə hakim kəsildi: Azərbaycanda "Qarabağ” klubunun dəyəri milli komandanı xeyli üstələyib. Özü də ən azı 3 dəfə...
"Azərbaycanlı uşaqları”
Alverçi-azarkeşlərin əhatəsindən çıxıb, tribunaya doğru yönəldim. Əvvəlki gün baş məşqçilərin mətbuat konfransında iştirak etdiyimdən, artıq media nümayəndələrinin oyun vaxtı harada əyləşəcəyini bilirdim. Oturdum və tribunalara göz gəzdirdim.
Saat 20:20. Oyunun başlamasına 40 dəqiqə var, amma stadionun heç 40 faizi dolmayıb. Norveçlilər isə 3 sektorda dağınıq halda azarkeşlik edirlər.
Saat 20:49. 4a sektorunda norveçli azarkeşlərlə onlara yaxın oturan həmyerlilərimiz arasında qışqırmaq üstündə rəqabət yaranır. Polis bizimkiləri 3a-ya köçürür. Milli polislərimiz qonaq azarkeşlərin sağ və sol tərəflərində iki sıralıq canlı sədd yaradır.
Saat 20:56. Himnimizi milli komandanın bütün üzvləri oxuyurdu. Futbolçulara yaxın oturduğumdan bunun canlı şahidi oldum. Həqiqətən, məni sevindirdi. Bu, yəqin ki, Mahmud Qurbanovun start heyətində yalnız yerli futbolçulara yer verməsinin nəticəsi di. Hamı Mahir Şükürov demiş "azərbaycanlı uşaqları”ydı axı...
Saat 20:58. "Sektor 11” azarkeş qrupu fan-klublara məxsus çağırışla millimizi çağırdı, lakin oyunçulardan əhəmiyyət verən olmadı. İkinci çağırışda "Rəşad, millini bura gətir” səsi gələndə, kapitan Rəşad Sadıqov komandasını "Sektor 11”ə tərəf aparıb azarkeşləri salamladı.
Foqts erasının son mənzərəsi
Artıq oyun başlayırdı. Tribunalarda isə 7-8 min tamaşaçı olardı. Onlar da oyunun başlanğıcında sanki susmuşdular. Çünki futbolçuların biri-birilərinə dedikləri sözləri aydın eşidirdik.
UEFA-nın saytına göz gəzdirdim, komandaların heyətlərinə nəzər saldım. Maksim Medvedev həmişə sağ cinahda olduğu halda, bu dəfə solda oynayacaqdı. Qapımızda hər zaman gözümüz öyrəşib ki, Kamran Ağayevi görək. Ancaq bu oyunda qapını Səlahət Ağayev qoruyurdu. Müdafiənin mərkəzində Rəşad Sadıqovla Bədavi Hüseynovu görməyə alışmışdıq, indi isə Rəşada Elvin Yunuszadə dəstək verəcəkdi. Ötən 2 oyunda meydan üzü görməyən Mahir Şükürovla Vaqif Cavadov da start heyətdə idi. Bunlar sadəcə taktiki dəyişikliklər idi. Əsas məsələ, azərbaycanlılaşdırılmış legionerlərin hamısı ehtiyat oyunçular skamyasında əyləşməsi idi. Bütün bunlar Foqts erasının bitdiyini göstərən mənzərə idi.
***
Bax, beləcə, oyun başladı. Mən artıq tarixdə qalan oyunu şərh etmək fikrindən uzağam. Əsas məsələ odur ki, millimiz meydana çıxdı və oynadı. Pis oynayıb yaxşı hesabla uduzdu, yoxsa yaxşı oynadı, uduzması pis oldu, bunu dəqiqləşdirmək lazımdır. Nəticə birdir: yenə uduzduq. Mahmud Qurbanov "ev tapşırığı”ndan "iki” aldı. Nə olsun ki, komandamız cəmi 1 qol buraxdı?!
Məcid HƏSƏNLİ