“Özümə inamım tam idi. Bilirdim ki, bu çəkidə Azərbaycan boksunda ən güclü idmançıyam”.
Bu sözləri Sportnet.az-a açıqlamasında ilk dəfə böyüklər arasında Azərbaycan çempionu olan boksçu Nicat Hüseynov deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşünün çətin keçdiyini bildirib. Onun sözlərinə görə, həlledici qarşılaşmada komanda yoldaşı və yaxın dostu ilə üz-üzə gəlməsi emosional baxımdan asan olmayıb: “Finalda ən yaxın dostumla döyüşdüm. Onu məğlub etdiyimə görə məyusam. İstəməzdim ki, uduzsun”.
Azərbaycan çempionu beynəlxalq turnirlərdə iştirak hüququ qazandığını və ölkəni layiqincə təmsil etməyə çalışacağını vurğulayıb: “Ümid edirəm ki, qarşıdakı vacib turnirlərə yaxşı hazırlaşıb Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam və Olimpiya çempionluğuna doğru irəliləyəcəyəm”.
Qeyd edək ki, yeddi gün davam edən Azərbaycan çempionatında 31 komandadan təxminən 170 boksçu mübarizə aparıb.














































































