
"Qarabağ" - "Neftçi" matçını televiziya vasitəsilə izlədim. Çox keyfiyyətli yayım, çox maraqlı görüntülər, rəngindən tutmuş akustikasınadək zövq oxşayan çox gözəl stadion gördüm. Azarkeşlər tribunanı doldurmasalar da, oyunboyu verdikləri dəstəklə Premyer Liqa yox, Avropa Liqası qarşılaşmasına tamaşa edirmişlər kimi təsir bağışladılar. Buna görə Suraxanıyadək yolun uzaqlığına rəğmən, komandalarını dəstəkləməyə gedən azarkeşlərə, "CBC Sport"a və "Qarabağ" rəhbərliyinə təşəkkürlər!
Amma tribunaların meydanı tam əhatə etməməsi heç də xoş olmadı. Əslində bu, öncədən məlum idi. Bir neçə ay öncə arena ilə tanışlıq zamanı 3 tribunalı stadiondakı oyunun çəkiliş zamanı effektinin çox da yüksək olmayacağını bildirmişdim. Həmin vaxt iş icraçıları çəkilişin tribunalar yox, əks tərəfdən aparılacağını söyləyərək, bundan ötrü müvafiq yerlərin ayrılacağını bildirmişdilər. Bəlkə də Peşəkar Futbol Liqasının bu oyunun "Azersun Arena"da keçirilməsinə asanlıqla razılıq verməməsinin səbəblərindən biri çəkiliş üçün lazımi şəraitin olmaması idi. Amma fakt budur ki, çəkiliş azakeşlərin olduğu tribunalar istiqamətində yox, əks tərəfə, boşluğa doğru aparılırdı.
Nə yazıq ki, əksər stadionlarımız belə inşa olunur. Üç, iki, hətta birtribunalı idman qurğuları tikib ona arena adını verirlər. Halbuki arena dedikdə göz önündə tam əhatələnmiş və nəinki ətrafı, hətta üstü bağlı qurğu canlanır. Klublar, onun sponsorları bu qədər əziyyət çəkib stadion tikirlər, amma 69X105 metr ölçülü meydança üçün ərazi tapdıqları halda, hətta "Qəbələ" kimi portativ tribunalar qurmağa yeri unudurlar. Çəkiliş üçün yerlər elə azarkeşlərin bol olduğu tərəfdən ayrılır. Oyunu televiya vasitəsilə izləyən tamaşaçı isə "Bu nə oyundur ki, azarkeş də gözə görünmür?" düşüncəsi ilə matça nə vaxtsa stadiondan baxmaq istəyini "beşikdəcə dəfn edir".
Digər neqativ məqam, şübhəsiz ki, hakimliklə bağlı idi. "Qarabağ" indiyədək nəinki daxili, hətta beynəlxalq yarışlarda kifayət qədər haqsızlığa məruz qalıb. Elə ötən mövsüm qrup mərhələsinin son turunda İtaliya "İnter"i ilə oyunun uzatma dəqiqələrində Ağdam komandasının sayılmayan təmiz qolu dünyaya səs salmışdı. Amma artıq "Qarabağ"a bəslənilən simpatiya hüdudları o dərəcədə aşıb ki, elə həmin Avropa Liqasında hakimlər matçın əvvəllərindəcə komandamızın lehinə penalti təyin edirlər. Bu mənada bizim ədalət təmsilçiləri bir az "insafsızdırlar". Onlar "ağ nöqtə"ni oyunun ortalarında və hətta uzatma dəqiqələrində göstərirlər. Belə olmaz!
Zarafat bir tərəfə, olmayan yerdən də penalti təyin etmək olmaz. "Kəpəz"lə qarşılaşmadakı şübhəli ilk penaltini dəqiq yerinə yetirən Coşqun Diniyevin "Neftçi" ilə oyunda da top uğrunda bənzər mübarizə nəticəsində yerə yıxılması keçmiş FİFA referisi Fariz Yusifovun diqqətindən yayınmadı. Gözünün qarşısında baş verən epizodu Yusifov sifətə zərbə kimi dəyərləndirdi və üstəlik, Samir Məsimova sarı vərəqə göstərdi. Bu, artıq əndazədən çıxmış qərar idi.
Əlbəttə, təcrübəli hakimdir, türkün məsəli, gördüyünü çalıb. Amma hər toxunuş cərimə zərbəsi olsaydı, o penaltidən az sonra Bədavi Hüseynovun Anyeteyə qarşı daha sərt oyunu da qayda pozuntusu kimi dəyərləndirilməli, üstəlik, "Qarabağ"ın müdafiəçisinə qırmızı vərəqə göstərilməli idi.
Avroliqada elə ilk dəqiqələrdəcə penalti qazanma qabiliyyətinə gəldikdə, bu yaxınlarda Milli Məclisdə Avropa Parlamenti ilə bağlı müzakirələrdən çoxlarının xəbəri var. Elə Siyavuş Novruzovun "Gəlsinlər, bizdən öyrənsinlər" sözlərindən də... İndi də məqamdır, avropalılar oyun başlar-başlamaz penalti qazanmağı, gəlsinlər, "Qarabağ"dan öyrənsinlər...
... Sizdə artıq penalti olmaz?