
Özbəkistanla yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında himnlə bağlı suala Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun cavabı diqqətçəkən oldu. Millidə 4 oyunçudan başqa himni oxuyanın olmadığı Foqtsun diqqətinə çatdırıldıqda, o, belə reaksiya verdi: "Özüm də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, himnlə vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi göstərməyək”.
Bu barədə çoxdan yazmaq istəyirdim. Amma Foqtsın cavabı yazımı tezləşdirdi. Beləliklə, məsələyə iki prizmadan baxmaq olar: peşəkarlıq və vətənpərvərlik.
Ümumiyyətlə, bu tip hadisələr bizdə xarakterikdir. Bəzən vətənpərvərliyimiz o qədər qıcqırır ki, baş məşqçidən nəticə yox, Azərbaycan dilində danışmağı, yığmamıza kömək edən legionerdən yaxşı oynamaqdan çox himnimizi oxumağı tələb edirik. İnanın ki, o, yaxşı oynamayıb himni oxusa, həmin futbolçunu daha çox bəyənəcəyik. Nəinki əksi baş versə, yəni yaxşı oynayıb himni oxumasa. Hesab ediləcək ki, peşəkar olmasa da olar, oynaya bilməsə də. Əsas himni oxumaqdır.
Eləcə də əcnəbi baş məşqçi nəticə verməyib Azərbaycan dilində danışmağı öyrənsə, biz onu daha çox sevəcəyik. Halbuki baş məşqçi peşəkar olub dil öyrənməkdənsə, uğurlu nəticələr versə, Avropada, dünyada Azərbaycanı yüzlərcə, minlərcə insana tanıdar. Bunların hansı yaxşıdır?
Əslində təbii ki, məsələyə praqmatik yanaşsaq, biz baş məşqçidən nəticə, futbolçudan isə yalnız yaxşı oyun tələb etməliyik. Himni oxuyub-oxumamağı və Azərbaycan dilini öyrənib-öyrənməməyi isə onun öz ixtiyarına buraxmalıyıq. Məsələyə peşəkar nöqteyi-nəzərdən yanaşdıqda, bu nəticəyə gəlirik.
İndi də məsələyə vətənpərvərlik prizmasından baxaq. Xatırlayıram ki, Sovet dövründə SSRİ yığmasının oyunundan əvvəl himn çalınan vaxt futbolçular sözləri oxumurdular. Lakin bu o demək deyildi ki, onlar qeyri-vətənpərvər idilər. Üzlərinə baxanda onların himnin musiqisinin təsirindən nə qədər vətənpərvərlik hissləri keçirdiklərini duymaq olardı. Müxtəlif millətlərin nümayəndələri olan bu oyunçular hər hansı maddi qarşılıq güdmədən meydanda canlarını qoyurdular.
Bir dəfə AFFA-nın təşkil etdiyi məşqçi kursunda hazırda U-19 millimizə rəhbərlik edən Nikolay Adam SSRİ yığmasının tərkibində 17 yaşadək futbolçular arasında dünya çempionu olmuş Vladislav Qədirovdan soruşur: Nəyin hesabına çempion oldunuz, sizi qələbəyə hansı amil kökləyirdi? Qədirovun cavabı isə qısa olur: Vətənpərvərlik.
Lakin onlar SSRİ-nin himnini oxumurdular. Biz isə hesab edirik ki, futbolçu himnin sözlərini bilmirsə və oxumursa, vətənpərvər deyil.
Vətənpərvərliyi zahiri əlamətlərlə ölçmək nə qədər düzgündür? Ümumiyyətlə, düzgündürmü?
RAQİB