"Neftçi”də Müşahidə Şurasının (MŞ) yaradılmasından kifayət qədər vaxt keçsə də, ölkənin idman həyatında bu məsələ hələ də gündəmdən düşmür. Sadıq Sadıqovun "sükan"ı Çingiz Abdulayevə verməsindən sonra "ağ-qaralar”dakı islahatlar özünü çox gözlətmədi.
Kadr dəyişiklikləri, strukturlarda yenilənmələr, əməkdaşlığın sivil qaydalar əsasında qurulması "Neftçi”nin yeni simasını müəyyənləşdirməkdədir. Ancaq hər atılan addıma real qiymət vermək üçün ilk növbədə MŞ-nin planlarının bəndlərini bir-bir təhlil etmək gərəkdir.
Veteranlar veteranlıq etsə...
Səməd Qurbanov - Vəli Qasımov - Dmitri Kramarenko triosunun "Neftçi”də təmsil olunması nostalji duyğulara hesablanmış addımdır. Qasımovun Azərbaycandan savayı, Rusiya, İspaniya və Portuqaliyada tanınması ölkə xaricində imic baxımından olduqca gərəkli addımdır. Bəli, sabiq "10 nömrə” Toni Adams qədər məşhur deyil, lakin britaniyalıdan fərqli olaraq, azərbaycanlıdır.
Qurbanovun 1980-ci illərdə "Jiquli” ləqəbi ilə tanınması, başqa sözlə, yaşlı futbol azarkeşlərinin qəlbində xüsusi yerə sahib olması tribunalara yeniyetmələrin yox, "futbol qazanı”nda bişmiş, türklər demiş, "yılların təcrübəsi”nə malik fanatların qayıtması baxımından müstəsna rol oynaya bilər. Əlbəttə, bir şərtlə: sabiq yarımmüdafiəçi bu yöndə təbliğat işləri aparmağa meylli olsa.
Kramarenkonun soyadı isə istənilən futbol azarkeşi üçün bir markadır. Rəhmətlik Sergey Kramarenkonun "Neftçi”yə necə sadiq qaldığı barədə dastan yazmaq olar. Oğlunun ideal formadan uzaq olduğu vaxtlarda belə, millimizin oyunlarında qapıda hansı xarüqələr yaratdığını isə indiki nəslin futbol azarkeşləri də görüblər. Başqa sözlə, vətənpərvərlik Kramarenkonun damarlarından axan qana hopub.
ASC: inqilabi qərar
Klubun Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilməsinə də ağız büzənlər, "bu, elə kağız üzərində qalan bir qərar olacaq” deyənlər kifayət qədərdir. Ancaq ASC-nin yaranmasında hansı məqsədlərin güdüldüyünü dərk etmək lazımdı. Klub marketinq sahəsində bu, bəlkə də ən önəmli addımdır. Bu mövzu ətrafında ayrıca yazı dərc etmək olar. Lakin çox dərinliklərə varmadan bir neçə müsbət faktorları qabartmaq istəyirəm. ASC yaranmaqla "Neftçi”nin səhmləri beynəlxalq birjaya çıxarılacaq. Səhm bazara, açıq satışa çıxarılıbsa, mühasibatlıq şəffaf olmağa məhkumdur! Çünki istənilən klub şəxsi mülkiyyət olduqda "büdcəmizi açıqlamırıq, futbolçunu neçəyə almağımızı söyləyə bilmərik, xarici səfərə nə qədər pul xərclənməsi klubun daxili işidir”, deyə bilirdisə, "ağ-qaralar”da bunu etmək artıq mümkün olmayacaq. Büdcə də açıqlanacaq, futbolçuların həvəsləndiricisi də, aylıq maaşları da. Başqa sözlə, ölkəmizdə böyük populyarlıq qazanmış "müqavilənin bir nüsxəsi notariusdan keçirilir, əsl rəqəmlər isə 2-ci nüsxədə əks olunur” "təcrübəsi”nə son qoyulacaq.
Belədə, ortaya maraqlı fakt çıxacaq: təqribən 25 milyon manat/dollar büdcə ilə kifayət qədər uğurlu nəticələr əldə etməyin mümkünlüyü. Aha! Deməli, "Neftçi” digər mövsümlərdə xərclənən vəsaitlə daha böyük uğurlara imza atsa, ortaya cavabı olmayan suallar toplusu çıxacaq və bunlardan birincisi bu cür səslənəcək: "Bəs nəyə görə digər klublarımız eyni büdcə ilə Avropaya səs sala bilmirlər”?
ASC tribunalara azarkeşlərin gəlməsinə də təkan verəcək. Bəli, dolayı yolla. Ancaq verəcək! Sıravi vətəndaş 0,00001% səhmə belə sahib olacağı təqdirdə, pul yatırdığı klubun gəlirli müəssisə olmasında maraqlı tərəfə çevriləcək. Klubun gəlirini teleyayım, atributların satışı, avrokuboklardan əldə olunan bonuslarla yanaşı, bilet satışı da təşkil edir. Deməli, səhmdarlar tribunaların dolmasında maraqlı olacaqlar. Belədə, özləri də oyunlara gələcəklər, hələ tanışlarını da stadiona gətirməyə cəhd göstərəcəklər.
Bağırzadə nə verəcək?
İmic baxımından daha bir önəmli addım Bəhram Bağırzadənin kluba cəlb olunmasıdır. "Bakılı oğlanlar”ın Priması sayılan Bağırzadə həm gənclər, həm də yaşlı nəslin nümayəndələri arasında böyük nüfuza malikdir. Deməli, o, bir növ "körpü” rolunu da oynaya bilər. Əgər bu gün tribunalara toplaşan azsaylı azarkeşlər daha çox məktəblilərdən ibarətdirsə, Bağırzadənin fanatların orta yaşının artmasına nail olacağını proqnozlaşdırmaq mümkündür. Belədə, tribunalardan söyüş, təhqiramiz sözlər yox, əsl peşəkar dəstək görmək, eşitmək şansları artır. Axı yeniyetmələr, az da olsa, yaşlı nəsildən çəkinəcək və özünü bir qədər tərbiyəli aparmağa məcbur olacaq, yaşlılar isə öz növbələrində lazımi tövsiyələrini onlardan əsirgəməyəcəklər.
MŞ-nin sədri Çingiz Abdullayevin əlavə təqimata ehtiyacı yoxdu. Ən əsası, loru dildə desək, gözütox insandır. Onun "Neftçi”dən qazana biləcəyi bircə şey var: klubun böyük uğurlar əldə etməsi nəticəsində "ağ-qarlar”ın " xalq komandası” imicini qaytaran şəxs kimi tarixə düşməsi.
"Neftçi”nin son zamanlar "qazandığı” "qoçuluq” imicini əritmək, "xalq komandası” adını qaytarması üçün bütün bu addımların atılması çoxdan lazım idi. Sivil ölkədən, sivil idarəetmədən danışırıqsa, futbolda uğur əldə etmək istəyiriksə, bir neçə amilə diqqət yetirməliyik: şəffaf büdcə, mədəni idarəetmə. Bəli, "Neftçi”də kadr dəyişiklikləri baş verdi. Ancaq bu, qaçılmazdır. Çünki klub rəhbərliyinə gələn yeni insanlar, həm də yeni nəfəs gətirmək istəyirlərsə, mütləq baxış bucaqlarına uyğun kadrları komandalarına cəlb etməlidirlər.
Emblem - populist addım
Klub rəhbərliyinin müzakirəyə çıxarmağa planlaşdırdığı yeganə xoşagəlməz ideya embleminin dəyişdirilməsidir. Çünki bu, daha çox populist addıma bənzəyir. Bununla kimə və nəyin sübut edilməsinə can atıldığını başa düşmək mümkün deyil. Yəni, inqilabi qərarları emblemin dəyişməsi ilə əlaqələndirirlər? Yəni yeni tarixə yeni emblemlə getmək məqsədi güdürlər ki, əvvəlki tarixi silib atsınlar? Yuxarıda sadaladığımız bütün müsbət amillərlə bu qərar uzlaşa bilməz. Ancaq emblemin dəyişdirilməsi hələ ki, yalnız müzakirəyə çıxarılıb. Bu da qərarın verilməsi demək deyil. Nəzərə alsaq ki, klubun yeni rəhbərliyi mətbuata açıq olmağı planlaşdırır, bəlkə də bu yazı ilə tanış olduqdan sonra həmin fikirdən vaz keçər.
Hələlik "Neftçi”nin yeni siması barədə bu qədər. Hələlik ona görə ki, atalar yaxşı deyiblər "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”!
Ceyhun Əliyev