
"Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi (MTB) üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təlim-məşq toplanışı çərçivəsində idmançılar beynəlxalq turnirlərə də qatılırlar.
Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığmanın 4 üzvü - Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da qüvvəsini sınayıb. Onlardan ən yüksək nəticəyə Aqşin İsmayılov imza atıb. A.İsmayılov 13-cü nəticə göstərib. Halbuki o, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilmiş digər yarışda 24-cü olmuşdu.
Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərə gəldikdə, Aqşin Bağırlı 19-cu, Orxan Məmmədov 20-ci, Murad Sultanov isə 22-ci yeri tutub.









                 





    
    
    
    
    
    
    
    
    






















































