"Qarabağ" Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" ilə səfər oyununun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edəcək.
Bu barədə Sportnet.az-a Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, belə bir istək paytaxt təmsilçisi ilə görüşün İngiltərə "Nyukasl"ına qarşı UEFA Çempionlar Liqasının pley-off oyunları arasına düşməsi ilə əlaqədardır: "Planda var. Qarşıdakı günlərdə müraciət edəcəyik. Çünki "Nyukasl"a qarşı iki oyun arasında 6 günlük məsafə olacaq. Bir həftə olsaydı, fərqli yanaşardıq. Təqvimimizə baxacağıq. Uyğun görsək, müraciət edəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la ilk görüşünü fevralın 18-də evdə, cavab oyununu fevralın 24-də səfərdə keçirəcək. Azərbaycan Premyer Liqasında XXI turun oyunları isə 20 - 22 fevralda keçiriləcək.
Haşım MƏMMƏDOV













































































