
"Avropa çempionatının bir parçası olmaq qürurvericidir. Hazırda Azərbaycanda olduğumuz üçün şadıq”. Bunu Sportnet.az-ın açıqlamasında Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının kapitanı Dioqo Keyruş Bakıda keçiriləcək qitə birinciliyi barədə danışarkən deyib.
Gənc müafiəçi hədəflərinin çempionluq olduğunu vurğulayıb: "16 komandanın hər biri çempion olmaq istəyir. Bizim də məqsədimiz kuboku qazanmaqdır. Təbii ki, bu, asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq”.
Qeyruş mayın 5-nə təsadüf edəcək açılış matçında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan da danışıb: "Azərbaycan yığması haqda məlumatımız var. Rəqibin bizə hansı problem yarada biləcəyindən xəbərdarıq. Baş məşqçimiz lazımi məlumatları verib”.
Kapitan Azərbaycan yığmasını məğlub etməyə çalışacaqlarını vurğulayıb: "Azərbaycana hörmətlə yanaşırıq. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Lakin məqsədimiz qələbədir. Turnirə 3 xalla başlamaq istəyirik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlanacaq. A qrupundakı digər rəqiblər isə Şotlandiya və Belçikadır.