2009-cu ildən Avropa Liqası adlanan UEFA kuboku. Azərbaycan üçün önəmli, təzadlı turnirdir. Ölkəmiz 1994-cü ildə məhz bu turnirdə "Turan"la debüt etdi. Həmin vaxt Çempionlar Liqasına buraxılmadığımızdan Tovuz təmsilçisi siftəsini Avropanın 2-ci dərəcəli klub turnirində etməli oldu və Türkiyənin "Fənərbağça" klubuna 2 oyunda 7 cavabsız qolla (səfərdə 0:5, evdə 0:2) uduzdu.
Klublarımız bundan sonra Kuboklar Kuboku, Çempionlar Liqası və İntertoto kubokunda oynasa, son 2-də mərhələ keçsə də, UEFA kubokuna buna nail olmaq üçün düz 12 il gözləməli oldu. Nəhayət, 2006-cı ildə Yevlaxın "Karvan" klubu həsrətə son qoydu. Yunis Hüseynovun komandası Slovakiyanın "Spartak" klubunu hər 2 oyunda 1:0 hesabı ilə məğlub edərək UEFA kubokunda ilkə imza atdı.
Azərbaycanın qrup mərhələsinə düşməsi məhz UEFA kubokuna, sadəcə, onun Avropa Liqası adlandığı dövrə təsadüf etdi. Bu gün həmin tarixi uğurdan düz 4 il ötür. Bu, "Neftçi"nin Kiprdə APOEL-ə 3:1 hesabı ilə qalib gəldiyi cavab oyunudur.
Adama elə gəlir ki, bu möhtəşəm qələbə sanki dünən olub. Kiprdə həmin tarixi zəfəri yaşamaq mənə də qismət olub ki, bu da qürurverici faktdır. Yadımdadır ki, səfərə çıxmaq variantı dəqiqləşməsi son anda həll olundu və oğlum Muradın ilk ad gününü bir qədər ertələməli oldum. Azərbaycanlı jurnalistlər "Neftçi" ilə Kiprə qələbə dalınca yollansalar da, ilk oyunda evdəki nəticə tam nikbinliyə əsas vermirdi. Çünki Mərdəkanda "Dalğa Arena"da 1:1 hesablı heç-heçə qeydə alınmışdı ki, bu da rəqibin cavab matçında qolsuz bərabərliklə də cütün qalibi olması demək idi. Ancaq Böyükağa Hacıyevin komands çətin səfər sınağından üzüağ çıxa bildi.
"Neftçi" səfərdə qol problemini artıq ilk hissədə qısa zaman kəsiyində artıqlaması ilə həll edə bildi. 22-ci dəqqidəə Cavid İmamverdiyev hesabı açdısa, bundan 8 dəqiqə sonra syerra-leoneli legioner Julius Vobay uzaq məsafədən baxımlı qolla hesabı 2:0 xeyrimizə etdi. Bu isə o deməkdir ki, APOEL qrupa düşmək üçün artıq 3 qol vurmalı idi. Kiprlilər 44-cü dəqiqədə hücumçusu Səlim Benaşurla Saşa Stamenkoviçin qoruduğu qapıya yol tapsa da, komandamız sonadək duruş gətirə bildi. Bu azmış kimi, braziliyalı yarımmüdafiəçimiz Flavinyo 60-cı dəqiqədə əks-hücumda hesabı 3:1 etdi. "Neftçi" 83-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan müdafiəçisi Elvin Yunuszadəni itirsə də, azlıqda qol da buraxmadı.
Və budur, fransalı baş hakimin Səid Ennjiminin final fiti səslənir və futbolumuzda tarixi nailiyyət rəsmiləşir. Bütün Azərbaycan, Kiprdə olan bizlər sevinc içindəyik. Kiprə Larnakada düşən, ordan paytaxt Nikosiyaya avtobusla yollanan azərbaycanlı jurnalistlər fotoda olduğum stadiondakı gərgin ab-havanı, təhlükəni əvvəldən göz önünə gətirirdilər. Meydan sahiblərinin məğlubiyyəti həmin atmosferi oyundan sonra gərginləşdirdi. Hələ matçın gedişində kiprli azarkeşlərin üstümüzə hücum çəkməsi, fasilədə həmkarımız Anar Cəfərsoyun yoxa çıxması, sonradan peyda olması ən yaddaqalan anlardan idi. Mən isə kiprlilərin arasına düşmüşdüm ki, onlar sarışın bəndənizinizin Azərbaycandan gələn olduğunu zənn etməmişdilər. Matçdan sonra bibər qızını udmalı, partlayış səslərini eşitməli olduq. Yerli polis təhlükəsizliyimizi təmin etmək üçün bizləri xeyli müddət stadionda saxlamalı oldu. Arena tam boşalandan sonra onların müşayiəti ilə otelə qayıtdıq. Kiprli polislər təhlükəsizliyə görə səhərədək otelimizin qarşısında keşik çəkməli, sonra isə bizi hava limanına yola salmalı oldular.
Bu oyun avrokuboklarda yerli bombardirimiz olan Rəşad Sadiqovun qolunu UEFA-nın saymaması ilə də tarixə düşdü. Əslində, matçda ilk qolu o vaxt "Neftçi"nin kapitanı aolan Sadiqov vursa da, qitə futbol qurumu onu İmamverdiyevin adına yazdı. Rəşad sonradan bununla bağlı UEFA-ya müraciət etsə də, həmin qol tarixdə Cavidin adında qalır.
"Neftçi" 30 avqust zəfəri sayəsində qrupa çıxan ilk klubumuz kimi tarixə düşdü. Bundan 2 il sonra "Qarabağ" onun davamçısı oldu. 2015 və 2016-cı illərdə artıq 2 klubla - "Qarabağ" və "Qəbələ" ilə qrup mərhələsinin iştirakçısı olduq. Qrupa düşmək son 3 ildə bizim üçün artıq ənənəyə çevrilib. Həmin ənənənin əsası isə düz 4 il öncə bu gün qoyulub...
Mehman Süleymanov