Əcnəbi baş məşqçilərin sayında 2-ci yerdə duran klub "Bakı”dır – 8 nəfər. Bunlar latviyalı Aleksandr Starkov, serbiyalılar - Milinko Pantiçlə Bojidar Bandoviç, türkiyəlilər - Bülənt Korkmaz, Cüneyt Biçər, İbrahim Uzunca, almaniyalı Vinfred Şafer və makedoniyalı Qyoko Haciyevskidir. "Bakı”ya ikinci və hələ ki son çempionluğu 2009-cu ildə Q.Hacıyevski qazandırıb. Bundan 1 il sonra isə C.Biçər Azərbaycan Kubokuna, eləcə də çempionatın gümüş medalına sahib olub. Özü də gənc türkiyəli mütəxəssis buna baş məşqçi əvəzi kimi nail olub.
"Qəbələ” əcnəbi baş məşqçilərin sayında 3-cü yerdədir – 6 nəfər. Bunlar ukraynalı Roman Qriqorçuk, ingiltərəli Toni Adams, rusiyalı Yuri Syomin, türkiyəli Fatih Kavlak, rumıniyalı Dorinel Muntyanu və ispaniyalı Luis Araqon olub. Sonuncu baş məşqçi əvəzi funksiyanını yerinə yetirib. F.Kavlak isə əvvəlcə baş məşqçi əvəzi olsa da, sonradan bu posta təsdiqlənib.
"Qarabağ" və "Kəpəz"lə bağlı məqamlar
Ümumilikdə 17 klubumuzda əcnəbi baş məşqçi və baş məşqçi əvəzi olub. Sonrakı ardıcıllıq belədir:
"İnter” – 5, "Simurq” – 4, "Gənclərbirliyi”, "Neftçi”, "Turan”, "Rəvan”, "Standard” – 3, AZAL, "Muğan” - 2, "Sumqayıt”, "Karvan”, "Masallı”, "MKT-Araz”, "Qarabağ” – 1.
Maraqlı məqam "Qarabağ”la bağlıdır. 1992-ci ildən keçirilən Azərbaycan milli çempionalarının hamısında - 24-də də iştirak edən Ağdam klubunun cəmi 1 əcnəbi baş məşqçisi olub. Bu, 2 müxtəlif vaxtda "Xəzər Lənkəran”ı çalışdırmış R.Karadır. 66 yaşlı türkiyəli mütəxəssiis 2007-ci ilin yanvarından 2008-ci ilin avqustunadək "Qarabağ”ın baş məşqçisi olub və yeni çempionatın startına 1 həftə qalmış komanda ataraq Lənkərana qayıdıb. Yeri gəlmişkən, Qurban Qurbanov həmin vaxtdan komandanın baş məşqçisidir. "Kəpəz”in tarixində isə əcnəbi mütəxəssisin olmamağı diqqət çəkir.
İki klubda baş məşqçi işləmiş əcnəbilər
Azərbaycan milli çempionatında çalışmış 52 əcnəbi mütəxəssisi (baş məşqçi və baş məşqçi əvəzi olanlar) klublar üzrə hesablayanda rəqəm 57 alınır. Bu da onunla bağlıdır ki, 5 mütəxəssis iki klubda işləyib. Bunlar aşağıdakı cədvəldə yer alıb:
1. Rasim Kara (Türkiyə) |
"Qarabağ” (Ağdam), "Xəzər Lənkəran” |
2. Kemal Alispahiç (Bosniya və Herseqovina) |
"Muğan” (Salyan), "Rəvan” (Bakı) |
3. Kaxaber Tsxadadze (Gürcüstan) |
"İnter” (Bakı), "Standard”(Bakı) |
4. Cüneyt Biçər (Türkiyə) |
"Bakı”, "Xəzər Lənkəran” |
5. Qyoko Hacıyevski (Makedoniya) |
"Bakı”, "Simurq” (Zaqatala) |
Göründüyü kimi, iki klubda işləyənlərdən K.Tsxadadze paytaxt təmsilçilərində çalışıb. R.Kara isə əyalət klublarında işləyib. Düzdür, "Qarabağ” Ağdamda yox, Bakıda məskunlaşdığından təcrübəli mütəxəssis paytaxtda çalışırdı. Digərləri K Alispahiç, C.Biçər və Q.Hacıyevski həm paytaxt, həm də bölgə klubuna rəhbərlik edib. Həmin paytaxt təmsilçisi "Bakı” olub. "Zolaqlılar"da işləyəndən sonra əyalatə yollanan mütəxəssislər məhz C.Biçərlə Q.Hacıyevskidir.
"Xəzər Lənkəran" iki dəfə başqa klubda işləyən əcnəbi məşqçiləri götürüb. Bunlar türkiyəli mütəxəssislər R.Kara ilə C.Biçərdir. Onlardan R.Karanı qaytarmaq mümkün olub. Ancaq C.Biçər cənub təmsilçisindən gedəndən sonra ora qayıtmayıb.
"İnter" - "Bakı" - "Simurq" ardıcıllığı
Əcnəbilərlə oyun sayında lider "İnter”dir – 367. Bu göstəricidə ikinci və üçüncü yerlərdə müvafiq olaraq "Simurq” (268) və "Bakı”dır (251). Oyun sayında ən az isə "Masallı” və "Karvan”dır - cəmi 1 matç. Serbiyalı Miroslav Saviç "Masallı"da baş məşqçi əvəzi kimi yeganə matçında, türkiyəli Fuad Yaman isə "Karvan"da debutdə qovulub.
Əcnəbilərlə qələbə və heç-heçələr də ardıcıllıq oyun sayında olduğu kimidir.
1. "İnter” - 197 qələbə
2. "Bakı” - 100 qələbə
3. "Simurq” – 87 qələbə.
1. "İnter” – 101 heç-heçə
2. "Simurq” – 78 heç-heçə
3. "Bakı” – 69 heç-heçə
"Karvan”la "Masallı"nın əcnəbi baş məşqçilərlə nə qələbəsi, nə də heç-heçəsi var. Çünki onlarla yeganə matçları məğlubiyyətlə nəticələnib.
Əcnəbi mütəxəssislərdə məğlubiyyət sayında isə lider "Simurq”dur – 103. "Bakı” bu göstəricidə də 2-dir (82). "İnter" 69 dəfə uduzmaqla 3-cü yerdə gedir.
Vurulan qol və toplanılan xalların sayında da "İnter” – "Bakı” – "Simurq” ardıcıllığını görə bilərik.
1. "İnter” - 513 qol
2. "Bakı” - 304 qol
3. "Simurq” – 274 qol
1. "İnter” – 692 xal
2. "Bakı" - 366 xal
3. "Simurq” - 339 xal
Qeyd edək ki, xal sayında 4-cü "Xəzər Lənkəran”dır - 305 xal.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyələşdirilib.