Vüqar MƏMMƏDOV
Azərbaycan – Almaniya oyununa səbrimi basıb, iki saata yaxın vaxtımı sərf edərək mənəvi zövq almaq niyyəti ilə baxdım. Amma təbii ki, belə oyundan və hesabdan zövq almaq mümkün deyil.
Və yenə kimsə bu oyuna mənim kimi axıracan baxmağa özündə güc tapıbsa, onun nə qədər əzab çəkdiyini başa düşürəm.
Bu yazıda hansısa taktiki gedişdən, məşqçiləri, ya da futbolçuları tənqid etmək fikrindən uzağam. Sadəcə, diqqəti bir fakta yönəltmək istəyirəm. Yığmamızın start heyətində 5 oyunçu – Mustafa Kemal Özhitay, Sertan Taşkın, Anton Krivotsyuk, Serkan Baloğlu, Renat Dadaşov – Azərbaycan futbolunun yetirməsi deyil. Bu, az qala komandanın yarısıdır.
Yaxşı, bəs bu ötən dövr ərzində biz nə işlə məşğul olmuşuq ki, almanların qabağına 11 futbolçu tapıb çıxara bilmirik? 2005 - 2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı qəbul olunub, bu proqramın icrası üçün külli miqdarda maddi vəsait ayrılıb, hanı bəs ortaya çıxan iş? Ortalıqdakı iş yetişdirilən futbolçu ilə ölçülür. Bəs hanı bizim yetişdirdiyimiz futbolçular? Bunun hesabatını kimsə verməlidir, ya yox?!
Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Qurbanov oyundan sonra müsahibəsində problemlərin futbolçulardan qaynaqlandığını deyib: "Milli üçün baza rolunu oynayan komanda U-21 yığmasıdır. Amma bugünkü oyunla nə perspektiv gördüyümü, nə də ümumiyyətlə, hər hansı fikir söyləyə bilərəm”.
İki ay öncə yığma komandamızın keçmiş baş məşqçisi Robert Prosineçki də təxminən eyni fikirləri bir qədər açıq və sərt formada söyləmişdi: "U-21 əsas millinin ehtiyat komandasıdır. Amma ehtiyat komandadan əsas milliyə yüksələcək potensiallı futbolçu görmürəm. Halbuki, bu gün bizə bir neçə mövqedə rəqabət yaradacaq alternativ futbolçular lazımdır. Hirslənirəm ki, gənc futbolçular arasından seçim edə bilmirik. Uşaq futbolunda səhvlərə yol verilib. Konkret, U-21-dən danışsaq, burada oynayan futbolçu sabah əsas milliyə namizəd olmalıdır. Ancaq bu gün həmin potensiala sahib oyunçu görmürük. Bəlkə 10 ildən sonra daha yaxşı nəsil yetişəcək. Lakin bu gün 19-20 yaşlı futbolçular yüksək səviyyədə çıxış edə bilmirlər ki, əminliklə onun əsas milliyə namizəd olduğunu qeyd edim".
Dünənki hesab bir daha bu fikirlərin doğruluğunu təsdiqlədi.
Amma 15-20 il əvvəl futbolunda çöküş yaşayan Almaniya artıq çətinlikləri arxada qoyub və gələcəyə də nikbin addımlarla irəliləyir. Onlar buna uşaq futbolunda köklü islahatlar aparmaqla nail olublar. Biz də bu islahatları aparmışıq. Təxminən 7 il öncə biz də almanların inkişaf planını özümüzədə tətbiq etdik. Yəni bütün diqqəti uşaq futbolunun inkişafına yönəltdik. Bu gün 21 yaşına gəlib çatan uşaqlar 7 il əvvəl gördüyümüz işin nəticəsini göstərməliydi. Və göstərilən nəticə göz qabağındadır – 0:7. Almanlar da, biz də eyni plan, eyni proqram üzrə işləmişik. İki ölkə, eyni plan, eyni iş, amma fərqli nəticə. Bəlkə hesablansa, almanlar uşaq futbolunun inkişafına daha az vəsait yatırıblar. Sadəcə, icracılar fərqli olublar.
Eyni layihənin tikintisini iki ayrı-ayrı – biri bacarıqlı, digəri bacarıqsız mühəndisə verilsə, bacarıqlının işi yüksək səviyyədə, keyfiyyətli alınacaq, bacarıqsızın isə əksinə...
Türk futbol mütəxəssisi Mustafa Reşit Akçay müsahibələrinin birində belə bir sualqarışıq fikir bildirmişdi: "Almaniyadan 300 istedadlı türk oyunçu çıxır, niyə burdan (Türkiyədən) çıxmır?” Maraqlı fikirdir. Deməli, "Hansısa millətdən futbolçu çıxır, hansındansa çıxmır" fikri cəfəngiyyatdır. Əsas məsələ onu, futbolçunu yetişdirməkdir.
Kadr deyirsiniz, insan deyirsiniz və ya şəxsiyyət deyirsiniz – nə deyirsinizsə, deyin, bu amil çox vacibdir. Bacarıqlı, peşəkar, işini sevən insan almanlarda təbii ki, çoxdur və bu da nəticədə özünü göstərir. Nəticə deyəndə təkcə hesab yox, yetişdirilən futbolçuları da nəzərdə tuturuq.
Belə. Nə etməli? Gələcəyə ümidlə baxmaqdan başqa əlacımız yoxdur.