Vüqar MƏMMƏDOV
"Qarabağ" - "Çelsi" oyununda penalti var idimi?
Gəlin, epizodu bir daha xatırlayaq: Rəşad Sadıqov topa Villiandan yaxın idi. Amma braziliyalı yarımmüdafiəçi qolunu Rəşadın çiyninin üzərindən aşırıb bədəni ilə onu bağlamağa çalışaraq topu götürə bildi. Əlini də Rəşadın qucağına soxdu. Rəşad da instiktiv olaraq Vilyanın əlini tutdu. Bu da "Çelsi”nin oyunçusuna yıxılmaq üçün bəs etdi.
İndi sual olunur: Bu epizod "Çelsi"nin qapısı qarşısında baş versəydi, referi penalti təyin edərdimi? Uzağa getməyək, "Atletiko” ilə "Qarabağ”ın Bakıdakı oyununda Dino Ndlovuya ikinci "sarı"dan verilən qırmızı vərəqəyə əsasən deyə bilərik: "Yəqin ki, yox".
Premyer Liqa və I Divizionda olmasa da, uşaq liqalarında hakimlik etmişəm. Elə olub ki, Premyer Liqa komandalarının aşağı yaş qruplarının oyununu idarə etmişəm. Amma bu zaman özümdə belə bir halı müşahidə edirdim. Görürdüm ki, istər-istəməz lider olan tanınmış komandaya daha çox simpatiya göstərirəm. Tanıyanlar bilir ki, mən hər situasiyada ədalətli olmağa çalışıram. Amma budur. Hansısa mübahisəli qərarı güclünün, tanınmışın xeyrinə verdim. Təbii ki, tədricən, oyun idarə etdikcə bunun qarşısını almağa çalışırdım.
Bu cür hal, yəni güclüyə simpatiya, yəqin ki, şüuraltı prosesdir və çox güman ki, yalnız məndə baş verməyib. Ümumiyyətlə, biz hakimlərin böyük klubların kiçikləri əzməsinə yardımçı olma halına tez-tez şahidlik edirik. Bu, onunla əlaqədardır ki, istər-istəməz tanınmış komandaların nüfuzu hakimi sıxır. O, şüuraltı elə qavrayır ki, komanda güclüdürsə, hər şeyi düz edir, zəif isə güclüyə düzgün hərəkət etməsinə mane olur. Yalnız güclü xarkterli, əsəbləri möhkəm və eyni zamanda təcrübəli az sayda hakim var ki, tarazlığı saxlaya bilir. Onlar da dünən daha vacib oyunlarda idilər.
Təxminən on il əvvəl mən hakimliyə başlayanda qaydalarda belə bir bənd var idi. Rəqib oyunçunu bariz qol şansından məhrum edirsə, bu hal qırmızı vərəqə və cərimə zərbəsidir. Bu, o deməkdir ki, hadisə cərimə meydançasında baş veribsə, penalti təyin olunur və qırmızı vərəqə göstərilir.
Amma burada bir nüans var. Baxın, oyunçu qapıçı ilə təkbətəkə gedir, müdafiəçi onu yıxır. "Qırmızı" və cərimə zərbəsi. Axı cərimə meydançasında yıxılmaqla kənarda yıxılmaq arasdında xeyli fərq var? Birində oyunçular topun qarşısında dura, canlı divarla mane ola bilər, amma digərində yalnız qapıçı ilə üz-üzə qalırsan. Lakin cəza eynidir. Hakimlik dərslərində mən bu mövzuda müəllimim olmuş, hakim-pedaqoq kimi çox dəyərli Ceyhun Haşımovla mübahisə etmək istəyirdim. Amma yenə bir qədər ehtiyat edirdim ki, bəlkə hansısa nüansı nəzərimdən qaçıraram.
İndi həmin mübahisə etmək istədiyim məsələni yazmaq istəyirəm...
Deməli, qaydada yazılıb ki, "bariz qol şansından məhrum etdiyi üçün”. Yaxşı, hücumçu qapıçı ilə təkbətəkdirsə və onu cərimə meydançası daxilində müdafiəçi yıxırsa penalti təyin olunurmu? Bəli, təyin olunur. Bu zaman hücum edən komanda bariz qol şansından məhrum olurmu? Məncə, xeyr, çünki penalti vurmaqla oyunçu bariz qol şansını yenə özündə saxlayır. Hətta deyərdim ki, təkbətək epizoddan daha rahat bariz qol şansı yaxalayır. O zaman hücumçu bariz qol şansından məhrum olmursa, niyə qaydanı pozan müdafiəçiyə qırmızı vərəqə göstərilsin?
Penalti verəndə bəzi epizodlarda "qırmızı" göstərmək olar. Məsələn, oyunçu əllə topu boş qapıdan çıxararsa. Bu halda oyunçu yüzfaizli qolu qaydalara zidd şəkildə dəf edir. Təyin olunan cəza, yəni penalti yüzfaizli qolu bərpa etmədiyindən, bu epizoda görə əllə oynayan futbolçuya qırmızı vərəqə vermək olar. Bunlar təbii ki, mənim şəxsi düşüncələrim idi.
Sonralar qaydalar dəyişdi və dedilər ki, artıq penalti təyin edəndə əksər hallarda "qırmızı" verilməyəcək. Düşünürdüm ki, yəqin onlar da mən düşündüyümü eləmək istəyiblər. Amma dünənki epizod göstərdi ki, xeyr.
***
Dünən jurnalist Natiq Qədimov futbola baxarkən dünyasını dəyişib. İnsanın əhval-ruhiyyəsindən asılı olaraq, beyindən qana hormanlar ifraz olunur. İnformasiyanı pis kimi qavrayan beyin yenə hormon ifraz edir. Hansı ki bu hormon qanı qatılaşdırır. Qatı qan isə ürək üçün böyük yükdür. Bəzən ürək bu qatılaşmış qanı dövr elətdirə bilmir və nəticədə sıradan çıxır. Ürək sıradan çıxdıqda insanın sonu çatır. Natiqin ölümündə hakimin həmin qərarı çox güman ki, həlledici olub.
Natiq Qədimov məşhur "Şah qanun deyil, qanun şahdır” ifadəsinin müəllifi idi. Dünən o, futbola baxarkən dünyasını dəyişdi, amma hansı səbəbdən: Qanunun şah olmasındanmı, yoxsa şahın qanun olmasından?
Dünən meydanda qanun şah idi, yoxca şah qanun idi? Demək çətindir.
İndi bunun artıq əhəmiyyəti də yoxdur.