
İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Sportnet.az "The Telegraph"a istinadən xəbər verir ki, səbəb keçmiş yarımmüdafiəçinin sükan arxasında telefondan yararlanmasıdır. Hadisə 2018-ci ilin noyabrında baş verib. Bekhem "Bentley" markalı avtomobili idarə etdiyi vaxt telefonla danışarkən yaxalanıb.
Bu gün keçirilmiş məhkəmə prosesində əfsanəvi futbolçu günahını boynuna alıb. Lakin bu, "Mançester Yunayted" və İspaniya "Real Madrid"inin sabiq ulduzunu yarım illik cəzadan xilas etməyib. O, eyni zamanda 750 funt sterlinq cəriməyə məruz qalmaqla, 100 funt sterlinq məhkəmə xərcini də ödəməli olacaq.
Qeyd edək ki, hazırda Devid Bekhem ABŞ-da təsis etdiyi "İnter Mayami" klubunu qurmaqla məşğuldur. Tezliklə komandanın "Mayami Freedom Park" ərazisində ev arenası olacaq. Orada hər kəsin oynaya biləcəyi futbol meydanları salınacaq.