"Çətin oyun olacağını bilirdik, amma çalışırdıq ki, daha çox mübarizə aparıb qalib olaq. İlk hissəni yaxşı keçirmədik, ikinci hissədə toparlanmağa çalışdıq. Əfsus ki, buraxdığımız qolun əvəzini çıxa bilmədik. Bu gün bizdə alınmadı, "Qəbələ" klubunu təbrik edirəm.
Bunu Sumqayıtın futbolçisi Əfran İsmayılov Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra Sportnet.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
31 yaşlı yarımüdafiəçi nəticənin ədalətli olduğunu qeyd edib: "Gözlənilməz anda qol buraxdıq və bunun əvəzini çıxa bilmədik. Oyunun nəticəsi ədalətli idi".
İsmayılov növbəti mövsüm üçün ona gələn təklifləri dəyərləndirəcəyini bildirib: "Bir neçə təklif var, onları dəyərləndirəcəyəm. Mənim üçün xeyirlisi nədirsə onu da edəcəyəm".