Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, E qrupunun oyununda rəqib Xorvatiya yığması olub. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 11-ci dəqiqədə Xorvatiya millisinin kapitanı və 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu Luka Modriç açıb. Modriç 34 yaşının tamamlandığı gün penaltidən dəqiq yararlanıb. Penalti isə Anton Krivotsyukun qoluna dəyən topa görə təyin olunub.
Azərbaycan millisi bərabərlik qolunu 72-ci dəqiqədə vurub. İkinci hissədə Pavel Paşayevin əvəzinə meydana daxil olmuş Təmkin Xəlilzadə rəqibin müdafiə xəttini təkbaşına yararaq, dəqiq zərbə endirib. Bununla da Azərbaycan millisi AVRO-2020-də ilk xalını əldə edib. Lakin bu, növbəti mərhələyə vəsiqə şanslarının rəsmən itməsinə səbəb ola bilər. Bu, qrupun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq digər görüşündə Macarıstanın Slovakiyaya qalib gələcəyi təqdirdə baş verəcək.
Baş məşqçi Nikola Yurçeviç səfərdə Uelsə 1:2 hesabı ilə uduzduqları görüşlə müqayisədə start heyətdə 2 dəyişiklik edib. Qapıçı mövqeyində Səlahət Ağayevi Emil Balayev, yarımmüdafiə xəttində isə Riçard Almeydanı Cavid Hüseynov əvəzləyib. İkinci hissədə isə Xəlilzadədən əlavə, 60-cı dəqiqədə Emin Mahmudov Cavid Hüseynovun, 90-cı dəqiqədə isə Rəşad Eyubov Dmitri Nazarovun əvəzinə meydana daxil olub.
----------------------------------
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib Xorvatiya yığması olacaq. "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək.
E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.
İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.
9 sentyabr
AVRO-2020
Seçmə mərhələ, VI tur
E qrupu
20:00. Azərbaycan - Xorvatiya - 1:1
Qollar: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen.)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefane De Almeyda, Alen Hayniger
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə).