"İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istənilən ritmdə çıxış etmədi. Müdafiədə yaxşı oynayan zaman qol buraxdıq. Hesab 2:0 olarkən irəli atıldıq. 1:0 olanda isə imkanlarımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə əks hücumlarda imkan qazandı. Bəzi oyunçuların qol şansları oldu. "Qarabağ" kimi komandaya qarşı 90 dəqiqə tempdə oynamaq lazımdır. Tempi aşağı salmaq çətin olur. Təhlükəli epizodlar yaratmağa başladıq. Qol buraxandan sonra yaxşı oynamağa başladıq, bunun səbəbini bilmirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın IV turunda "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında deyib. 54 yaşlı mütəxəssis rəqibin qapıçısı Asmir Beqoviçin hava toplarında üstün oynamasına münasibət bildirib: "Biz də istəmirdik ki, o hava toplarını asanlıqla götürsün. Futbolçularımın da qapıya yaxşı zərbələri oldu". İtaliya məşqçi "Qarabağ"ın hansı gücdə olduğunu bildiklərini sözlərinə əlavə edib: "Rəqib həm büdcə, həm də klub cəhətdən güclüdür. Komanda qələbə qazanar da, məğlub da olar". Bordin deyib ki, "Neftçi"nin hədəfi dəyişməyib: "Yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə istəyimizə çata bilmədik. Bu mövsümə də yaxşı başlamamışıq. Bu o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəl Rusiya "Arsenal"ına qarşı əla oynadıq. Həmin oyunu göstərmək istəyirik. Kollektivdə istəksizlik var idi".