"Sürix"in futbolçusu Blerim Cemayli İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Franko Foda bildirib.
56 yaşlı mütəxəssis Cemaylinin "Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur oyunundan sonra əzələsində problem aşkarlandığını söyləyib.
Foda 36 yaşlı yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağını deyib.
Qeyd edək ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.