
Türkiyə Super Liqasının lideri "Qalatasaray" çempionluğa doğru daha bir addım atıb. Sportnet.az-ın məlumatına görə, XXXIII turda "sarı-qırmızılar" "Beşiktaş"ı 2:0 hesabı ilə yenib.
Qolları 11-ci dəqiqədə Yasin Öztekin, 80-ci dəqiqədə isə Uesli Sneyder vurub. Bu nəticədən sonra xallarını 76-ya çatdıran baş məşqçi Hamza Hamzaoğlunun komandası ən yaxın izləyicisi "Fənərbağça"nı 6 xal qabaqlayır. "Sarı-lacivərdlilər" mayın 25-də "Başakşehir"lə səfər matçında xal itirəcəkləri təqdirdə, "Qalatasaray" tarixində 20-ci dəfə ölkə çempionu olaraq, sinəsindən 4-cü ulduzu taxacaq.
"Beşiktaş" isə 66 xalla 3-cü pillədə qalıb. "Başakşehir" bu gün qələbə qazansa, "qara-qartallar" bürünc medaldan da məhrum olma təhlükəsi ilə üzləşəcək.
Qeyd edək ki, sonuncu turun oyunları mayın 31-də keçiriləcək. "Qalatasaray" "Rizəspor"un qonağı olacaq, "Fənərbağça" isə "Kasımpaşa"nı qəbul edəcək.