Üzgüçülük üzrə Azərbaycan milli komandasında Macarıstandan məşqçi dəvət olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev jurnalistlərə açıqlama verib. O bildirib ki, yeni mütəxəssis tezliklə məşqçilər heyətinə təqdim ediləcək.
Yığmanın beynəlxalq turnirlərdəki çıxışına da toxunan Fətiyev mümkün olan bütün yarışlara qatıldıqlarını söyləyib: "Təlim-məşq toplanışları davam edir. Bəzi ölkələrə giriş-çıxış yoxdur. Hansı yarışlara imkan olursa, ora gedirik. Bundan başqa, özümüz də daxili yarışlar keçiririk".
Azərbaycanda 50-dən çox idman kompleksinin olduğunu xatırladan federasiya prezidenti onların çoxunda üzgüçülük hovuzlarının fəaliyyət göstərdiyini və uşaqların bu idman növü ilə məşğul olduqlarını vurğulayıb.