Elşən MƏMMƏDOV
Daşkənddəki dünya çempionatında 100 kq çəki dərəcəsində qızıl medal qazanan Özbəkistan cüdoçusu Muzaffarbek Turoboyevin son bir ildəki nailiyyətlərinə nəzər saldım.
Hazırda 22 yaşa malik Turoboyev böyüklər arasında ilk qızıl medalını ötən il Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında qazanmışdı. Həmin vaxt Azərbaycanı təmsil edən Adil Kərimli 8 cüdoçu arasında 5-ci olmuşdu.
Turoboyev növbəti qızıl medalını avqustda Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında əldə etdi. Finalda o, məhz Azərbaycan təmsilçisi Elmar Qasımovu məğlub etdi.
Nəhayət, hazırkı dünya çempionatında Turoboyev qızıl medal qazandısa, Azərbaycan cüdoçu Zelim Kotsoyev bürünc medalla kifayətlənməli oldu.
Göründüyü kimi, Azərbaycanın 3 fərqli təmsilçisini 3 fərqli yarışda üstələyib.
Bura ötənilki dünya çempionatında qarışıq komanda, eləcə də Asiya çempionatı və Böyük Dəbilqə turnirlərində özbəkistanlı cüdoçunun əldə etdiyi bürünc medalları da gələk.
Sabit çıxışın pik nöqtəsi və mükafatı dünya çempionluğu oldu. Həm də Göygöldə keçirilmiş beynəlxalq təlim-məşq toplanışının Özbəkistan üçün müsbət nəticəsi!
Baş məşqçiləri də ötənlərin tanınmış cüdoçusu, əslən Gürcüstandan olan olimpiya, üçqat dünya və ikiqat Avropa çempionu İlias İliadis.
Özbəkistan son zamanlar idmanda böyük irəliləyişlərə nail olub. Təkbətək mübarizəli növlərlə yanaşı, intellektual mübarizədə Ümumdünya Şahmat Oyunlarının kişilər arasında qalibi olmalarını da qeyd edə bilərik. İslamiada vaxtı Özbəkistanın idman naziri Ədhəm İkramovla müsahibə aldığım vaxt o, legioner cəlb etmə məsələsinə maraqlı münasibət bildirmişdi: "Bəli, praktiki olaraq, biz bunu etmirik. Düşünürəm ki, bu yolla gedib-getməmək məsələsini idman funksionerləri ölkə rəhbərliyi ilə həll edirlər. Hazırda bizim əsas istiqamətimiz əcnəbi mütəxəssis cəlb etməkdir. Müxtəlif idman növlərində 31 legioner məşqçi çalışır. Bonuslarla birlikdə onlara normal məvacib veririk ki, ilk növbədə bizim məşqçilərimizi öyrətsinlər. Adətən təqaüd yaşına çatmış mütəxəssis gəlib hansısa ölkədə işləyib nəticə verir. O getdikdən sonra isə heç nə qalmır. İstəyirik ki, həmin şəxsin gedişindən sonra özümüzün yaxşı mütəxəssislərimiz olsun. Bunu daha düzgün hesab edirik".
Heç kim deməsin ki, Turoboyev dünya çempionatı Özbəkistanda keçirildiyi üçün qızıl medal qazandı. Eləyə qalsa, 2018-ci il mundialı da Bakıda olmuşdu. Amma həmin vaxt biz nə qazanmışdıq? Yenə 2 medal: 1 gümüş, 1 bürünc. Dünya çempionumuz olmuşdumu? Xeyr!
Hidayət Heydərov Bakıda da bürünc medal əldə etmişdi, Daşkənddə də. Gümüş medalçı Uşangi Kokauri isə zədə üzündən hazırkı dünya çempionatına yollana bilmədi.
Beləliklə, Daşkənddəki dünya çempionatında Özbəkistan hələlik 2 qızıl qazanıbsa, biz mundialı 2 bürünc medalla başa vururuq. Hə, bir də Səid Mollayi timsalında 5-ci yerlə. Halbuki Mollayi Azərbaycan yığmasına Bakıdakı dünya çempionatının qalibi və son olimpiadanın gümüş mükafatçısı kimi transfer olunmuşdu...