"Birinci hissə daha uğurlu oldu və fasiləyə 2:0 hesabı ilə öndə çıxdıq, baxımlı qollar vurduq. Bunlar təsadüfi qollar deyildi. Buraxdığımız qolda və oyunun sonlarında səhvlərimiz oldu. Belə oyunlarda və bu cür üstünlükdə oyunu nəzarətdə saxlayaraq, qələbə hesabını sonadək qorumalıyıq. İkinci hissədə də yaxşı imkanlarımız oldu. Amma futbolda belədir: vurmayana vururlar. Buna görə də matçın sonları bir qədər gərgin keçdi və elə də xoş təəssürat bağışlamadı. 2:1 - sürüşkən hesabdır, çünki cəmi 1 top fərqi var idi. Amma "Qarabağ"a qarşı ötən oyunla müqayisədə, bu gün futbolçularımızın gözündə alov, istək var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko evdə "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Ba Muaka Simakala əvəzləndiyi vaxt onunla aranızda münaqişə oldu. Simakala "Qarabağ"la matçdan sonra dediyiniz oynamaq istəməyənlərdəndir?
- Mən soyadlar üzrə danışmayacağam. Qeyri-qənaətbəxş oynayanlar bunu bilirlər. Bəli, Simakala hücumçudur, qol vurmalıdır və bunun üçün imkanlar tapmalıdır. O halda fərqlənə biləcək.
- Nunu Rodriges nəhayət, öz mövqeyində çıxış etdi. Ondan razı qaldınız?
- Bəli, bu gün onun yerini dəyişdik və Rodriges yaxşı təsir bağışladı. Bundan sonra onun mövqeyi ilə bağlı hansı qərar verməyin lazım olduğunu biləcəyik.
- Komandanızın avrokubok mübarizəsinin içində olduğunu düşünürsünüz?
- Təbii ki, komandamız günbəgün daha da irəliləyir və futbolçular baş məşqçinin verdiyi materialları daha yaxşı qəbul etməyə başlayırlar. Bəli, böyük komandalarla görüşlərdə xallar itirmişik, bunlar məyusedicidir. Amma məqsədimiz Avropaya getməkdir. Hər qalibiyyət və qazandığımız 3 xal "Araz-Naxçıvan"a güc və özgüvən verir.
- Hamidu Keytanı bu oyunun qəhrəmanı saymaq olarmı?
- Bəli. Keyta bu gün şansından yaxşı yararlanmağa çalışdı. Ötürmələr, açılmalarda özünü müsbət tərəfdən göstərdi. Bu gün bir qədər fərqli oyunçu idi.
- Şarl Bolinin zədəsi nə qədər ciddidir?
- Bilmirəm. O, müəyyən diskomfort hiss etdi. Ayağının arxa yuxarı hissəsindən ağrıları var idi. Bunlar isinmə hərəkətləri zamanı baş verdi. Hazırda həkim müayinəsindədir. Zədəsinin ciddilik dərəcəsini sabah müəyyənləşdirə biləcəyik.














































































