
Federal Təhqiqatlar Bürosu (FTB) 2002-ci il Solt Leyk Siti Qış Olimpiya Oyunlarının iştirakçısı Rayan Ceyms Veddinqi axtarışa verib.
Sportnet.az "People" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı snoubordçunu tapan şəxsə 10 milyon dollar mükafat vəd olunub.
Veddinq snoubord üzrə Kanada Olimpiya komandasının üzvü olub. O, transmilli narkotik ticarəti şəbəkəsinə rəhbərlik etdiyi üçün axtarışa verilib. Şəbəkə Kolumbiyadan kokain qaçaqmalçılığı ilə məşğul olub. Ceyms Veddinq narkotik qaçaqmalçılığı ilə bağlı bir sıra şəxslərin qətllərinin təşkilində də günahlandırılır.
Olimpiyaçının Endryu Klark adlı şəxslə işlədiyi güman edilir. Müstəntiqlərin fikrincə, ortaqlar onlardan narkotik partiyasını oğurladığı iddia edilən iki nəfərin edamına göstəriş veriblər.
Qeyd edək ki, Rayan Ceyms Veddinq 2024-cü ildə Meksikada həbs edilib, lakin hazırda onun harada olduğu məlum deyil. Kanadalı idmançının FTB-nin həbsxanasında ömürlük həbsi gözlənilir.