
“Turan Tovuz” heyətini yeni legionerlə gücləndirir.
Sportnet.az xəbər verir ki, Tovuz klubu tezliklə David Tavareşlə müqavilə imzalayacaq.
Tam adı David Xose Qomes Oliveira Tavareş olan yarımmüdafiəçi Portuqaliya “Benfika”sının yetirməsidir. 26 yaşlı futbolçu 2018-ci ildə Lissabon klubunun B komandasında forma geyib. 1 il sonra o, əsas komandaya cəlb olunsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 2020-2021 mövsümünü icarə əsasında “Moreirense”də keçirib. Daha sonra “Famalikao”ya keçən Tavareş 2023-2024 mövsümündə icarə əsasında “Torreense”də forma geyib. O, son mövsümdə Rumıniyada legioner həyatı yaşayıb. “Qloria Buzau”da 27 matça çıxan Tavareş 1 qol vurub.
Portuqaliyada anadan olan futbolçu bu ölkənin U-17 (3 oyun), U-18 (2 oyun) və U-19 (4 oyun) yığmalarında çıxış etsə də, 2023-cü ildən Kapo-Verde millisində forma geyir (futbolxeber.az).