AFFA-nın hüquqşünası Rəmiş Malıyevin Sportnet.az-a müsahibəsi
- UEFA-nın "İnter”lə bağlı çıxardığı qərar haqda fikirlərinizi bildirərdiniz...
- Bu qərar mənə göndərilməyib. Sənəd daha çox AFFA-nın Lisenziya Qrupuna ünvanlanır. "İnter”lə bağlı ilkin qərara əsasən onu deyə bilərəm ki, kluba futbolçulara bütün borclarını ödəmək üçün yanvarın 31-dək vaxt qoyulmuşdu. Əks təqdirdə, "İnter” növbəti 3 mövsümün birində avrokuboklardan kənarlaşdırılacaqdı. Bildiyimə görə, borcları ödəyiblər, ancaq 31-dək çatdırmayıblar. Gedişat onu göstərir ki, UEFA-da qərarı qüvvədə saxlayıblar.
- Belə çıxır ki, qərar əvvəldən çıxarılıb, indi qüvvədə saxlanılıb...
- Belə olacağı əvvəldən də bəlli idi. Biz də federasiya olaraq "İnter”ə dəstək verməyə çalışdıq. Ukraynanın "Metallurq” klubunda buna oxşar məsələ olmuşdu. Hətta UEFA-nın Maliyyə və Fair Play Komitəsinin qərarından İdman Arbitraj Məhəkəməsinə şikayət etmişdilər. Ancaq qərar sonda qüvvədə saxlanıldı. UEFA-nın qərarı qətidir. Borclar 31-dək heç bir şərt qoymadan ödənilməyəcəyi halda cəza veriləcəkdi. "İnter" bütün işlərini peşəkar səviyyədə qurdu, bütün futbolçularla razılığa gəldi. Hətta müəyyən məbləğin ödənilməsinə başlanıldı, sonradan bütün borcları ödədilər. Sadəcə, bu, vaxtında olmadığına görə qərar qüvvəyə münib.
- Qərara əsasən, "İnter” 10 gün müddətində apellyasiya şikayəti etmək hüququna malikdir və bundan istifadə etmək niyyətindədir...
- Apellyasiyanın xeyri olmayacaq. Belə bir presedent əvvəllər, dediyim kimi, "Metallurq”la olub. Özü də daha pis. Ukrayna klubu "İnter”dən fərqli olaraq, futbolçularla razılaşmaya getməyib. "İnter”də isə borcların mərhələ-mərhələ ödənilməsi razılaşdırılmışdı. Mən də UEFA-nın hüquq şöbəsi ilə danışmışdım. Bir az məntiqsizlik var. Borclu tərəf razılaşırsa, onda 3-cü tərəf – hüquq orqanı qərarı dəyişə bilər. Ancaq UEFA-da məsələyə belə yanaşdılar. Bir tərəfdən də belə düzgündür. Çünki xüsusilə avrokuboklara gedən klublara şərt qoyulur ki, bütün işlərini düzgün qursunlar. Mən həmin məsələdə hüquqşünas olsaydım, razılaşardım. Çünki iki tərəf var və hər ikisi razılaşır.
- Demək istəyirsiniz ki, bir növ UEFA iki tərəfin arasına girir?
- Bəli. Ancaq onların da hüquqi əsaslandırması var. Təəssüf ki, "İnter”də bir müddət qeyri-müəyyənlik, boşluq oldu. Biz AFFA olaraq, kluba bildirdik ki, məsələlərinizi vaxtında həll edin. Həmin futbolçularla müqavilələr vaxtında imzalansaydı, heç iş o səviyyəyə gəlməzdi. Klublar həm UEFA, həm də FİFA tərəfdən sıxılmağa başlayıb. Bu isə xüsusilə indiki zamanda Şərqi Avropa ölkələrində investorları futboldan çəkindirir.
- Bəs digər klublarımızdan hansının FİFA ilə problemləri var?
- Əsasən "Xəzər Lənkəran”la "Bakı”nın. Bir də ki "Neftçi"nin Emil Mpenzi ilə bağlı məlum məsələsi.
- Necə olur ki, "Neftçi”ni futbolçusuna borcu olduğu halda avrokuboklardan kənarlaşdırmırlar, ancaq "İnter"i diskvalifikasiya edirlər?
- "Neftçi”nin məsələsi FİFA ilə bağlı idi. "İnter”in futbolçuları ilk olaraq FİFA-ya şikayət etmişdilər. FİFA da avrokuboklara gedən bütün klubları monitorinq edir. Bəlli olanda ki, "İnter”in borcları təyin olunan müddətdə ödənilməyib, artıq ikinci orqan – UEFA-nı müvafiq komitəsi işin icrasına başlayıb.
- Belə çıxır ki, Mpenzaya borc ödənilməsə, UEFA işə qarışaracaq...
- Artıq Mpenza ilə razılıq əldə olunduğundan, məsələ ora getməyəcək. Bəzi yoldaşlar və xarici hüquqşünaslar iddia qaldıranda, birbaşa UEFA-ya həm Lizenziya, həm də Maliyyə və Fair Play Qrupuna yazırlar ki, filan klubun borcu bar. Hətta UEFA-dan bizə yazırlar ki, filan klubun borcu var, ona lisenziya verməyin. Amma indiki mürəkkəb dövrdə klublar üçün də çətindir.