Azərbaycan klubları üçün Avropa Liqası macərası cəmi bir həftə sürdü. Mövsümboyu çəkilən əziyyətin yekununda nə "Qəbələ", nə "Keşlə", nə də "Neftçi" Avroliqanın I təsnifat mərhələsini adlaya bildi. Lakin digər iki klubun mübarizəni dayandırması flaqmanın uğursuzluğunun kölgəsində qaldı. Halbuki, bu, belə olmamalı idi.
Əvvəla, "Keşlə" Azərbaycan Kubokunu qazanaraq, mövsümü titulla başa vurub. "Qəbələ" həm Topaz Premyer Liqasının gümüş mükafatçısı, həm də ölkə kubokunun finalçısı olub. Amma "Neftçi" sadəcə, bürünc medalla kifayətlənib.
İkincisi, "Keşlə" Maltanın "Baltsan", "Qəbələ" Lüksemburqun "Proqres" komandalarına, başqa sözlə, "cırtdan ölkə"lərin təmsilçilərinə uduzub. Xüsusən, 2017-2018 mövsümündəki heyətini böyük ölçüdə, qapısını isə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev qoruyan "Keşlə"nin Maltada 1:4 hesablı acınacaqlı məğlubiyyəti asanlıqla qəbul edilə bilməz. Nəzərə almalıyıq ki, bu klub ötən mövsüm Lüksemburq kimi cırtdan ölkəni təmsil edən "Fola"ya da eyni hesabla yenilmişdi. Həmin məğlubiyyət Avroliqanın II təsnifat mərhələsində baş vermişdisə, bu dəfə paytaxt komandası elə startdaca biabırçılıqla üzləşib. Həm "Qəbələ", həm də "Keşlə"nin beşikcədə boğulması ölkə futbolundakı geriləmənin acı reallığıdır.
Bir anlıq düşünün: 8 komandalı çempionat, əvvəllər "Qarabağ"la az-çox rəqabətə girən "Qəbələ" xeyli zəifləyir, demək olar ki, strategiyasını dəyişir, öz akademiyasının gənc yetirmələrinə üstünlük verir, heç kimə lazım olmayan 5-6 legionerlə nəyəsə ümid edir. Nəyəsə deyəndə ki, ən azı qrup mərhələsinə yox, uzağı, yenidən Avroliqaya vəsiqə qazanacağına.
Belə bir vəziyyətdə "Neftçi" əvvəlki ənənələrini qaytarmaq istəyi ilə əməli işə keçib, "Qarabağ"la rəqabətə girə biləcək heyət formalaşdırır. "Mən gələndə cəmi 1 xalımız var idi", "Məndən heç kim avrokuboklara vəsiqə istəməyib" sözlərini təkrarlamaqdan yorulmayan, "ikinci nömrə" oyuna üstünlük verdiyini göstərən, Antalyada özü başqa, komandası başqa oteldə qalan, adı danışılmış oyunlarda hallanan məşqçilərlə vidalaşıblar. Əvəzində qarşısında sırf çempionluq və kubok hədəfi qoyulan italiyalı Roberto Bordini gətiriblər. Kluba "Türk Hava Yolları"nın timsalında sponsorlar cəlb edilib, səviyyəli yerli və əcnəbi futbolçular, o cümlədən, ötən mövsümün bombardiri Baqali Dabo transfer olunub. Bunların hamısı qısa zaman kəsiyində - cəmi 2 ay ərzində baş verib.
Avropa Liqasına bir mövsüm aradan sonra qayıdan "Neftçi"nin bəxtinə Macarıstanın 133 yaşlı "Uypeşt" komandası çıxmışdı. Bu, "Keşlə" ilə "Qəbələ"nin rəqibləri kimi "cırtdan" yox, 20 qat ölkə çempionu və 10 qat kubok sahibi, avrokuboklarda iki dəfə yarımfinaladək irəliləməyi bacarmış klub idi. Lakin "Neftçi" ilk oyunda rəqibi üzərində inamlı qələbə qazanmağı bacardı - 3:1. Cavab görüşündə də 4 qol vuruldu. Amma bu qolların hamısı "ağ-qaralar"ın qapısına daxil oldu.
İndi "Keşlə" və "Qəbələ"nin yox, "Neftçi"nin məğlubiyyəti müzakirə mövzusuna çevrilib. Heç kim "cırtdan"lara uduzanlardan, müqaviləsiz baş məşqçi işlədən, cavab görüşünə 3 gün qalmış onunla yollarını ayıraraq, qeyri-peşəkarlıq nümunəsi göstərən "Keşlə"dən haqq-hesab tələb etmir. Əvəzində "Neftçi" elə hədəfə götürülüb ki, sanki digər iki klubun da uduzmasının günahkarı odur. Bir növ "Keşlə" ilə "Qəbələ" ağ-qara kölgədə qalıblar.
Əlbəttə, "Neftçi"nin məğlubiyyəti ağırdır, cavab oyunu biabırçı, qapıçı və müdafiə xətti bərbad gündə idi, Bordinin seçdiyi 5-li müdafiə taktikası, oyuna bir gün qalmış məşqi Bakıda edib, Budapeştdəki "Ferents "Şuşa" stadionunda gəzişmə planı fiasko ilə nəticələndi. Məgər bunları italiyalı mütəxəssisə klub rəsmiləri demişdi? Əksinə, "Neftçi" rəhbərliyi, çarter reysi ilə uçan təyyarə sifariş etmişdi. Səfər matçına "Keşlə" və "Qəbələ" kimi təyyarə dəyişə-dəyişə getməmişdi. Göyərtədə hər bir futbolçu oturacaq cərgəsində iki nəfərin yerini tutmuşdu. Yola gecə yarıyuxulu halda çıxmamışdılar. Yəni, klub rəhbərliyi öz üzərinə düşən işi yerinə yetirmişdi. Qalırdı futbolçuların meydana çıxaraq, layiqincə mübarizə aparmaları. Lakin elə özlərinin məşhur ifadəsi ilə desək, alınmadı. Əvəzində klub rəhbərliyini zərbə altında qoydular.
"Neftçi" Avroliqaya titulsuz, ən aşağı əyarlı medalçı kimi vəsiqə qazanmışdı, lakin indi titullu "Keşlə" ilə vitse-çempion "Qəbələ"nin uğursuzluğunu yada salan yoxdur. Qarşıdan isə yeni çempionat gəlir. 20 gündən sonra yenə başlayacaqlar 5-10 azarkeşin başını qatmağa. Bomboş tribunalar, rəqabətsiz çempionat, çempionluqdan bezən "Qarabağ"...
Sizcə, hansı yaxşıdır: Premyer Liqada rəqabət yaratmaq istəyən "Neftçi"yə dəstək vermək, yoxsa onu da baltalayaraq, daha aşağı səviyyəli çempionat izləmək? İkinci variatı heç "Qarabağ" da arzulamaz!